DTM çempionatının Hokkenhaymda keçirlilən ilk mərhələsinin son günü Mercedes-Benz komandasının şotland pilotu Pol di Restanın (Mercedes-AMG C63 DTM) qələbəsi ilə nəticələndi. Hokkenhaymrinqdə keçirilən ikinici sıralama turlarında ilk cərgədən start almaq imkanını əldə edən di Resta, 60 dəqiqəlik yarışın sonunda poulu qələbəyə konvertasiya etməyə müvəffəq oldu. İkinci yeri tutmuş Timo Qlok (DEUTSCHE POST BMW M4 DTM) liderdən 13,024 saniyə sonra finiş xəttini keçdi.
Podiumun son pilləsinə qalxmağı bacaran pilot isə, Qlokun komanda yoldaşı braziliyalı Auqusto Farfus (Shell BMW M4 DTM) oldu.
Bazar günü keçirilən yarışın startı da çox maraqlı alındı.Di Resta əla start alaraq liderliyini qoruya bildi və elə startdaca rəqibləri ilə aranı açmağa müvəffəq oldu. Uğurlu start alanlardan biri də belçikalı pilot Maksim Marten (SAMSUNG BMW M4 DTM) oldu. Dördüncü yerdən start götürən Marten komanda yoldaşı Farfusu və Gəri Paffetti (EURONICS Mercedes-AMG C63 DTM) keçərək ikinciliyə yüksəlmiş oldu.
Yarışın ilk anları qəzasız ötüşmədi - elə birinci döngədə Antonio Feliks da Costanın (BMW M4 DTM) müdaxiləsi nəticəsində Esteban Okon (FREE MEN’S WORLD Mercedes-AMG C63 DTM) Bruno Spenqleri (BMW Bank M4 DTM), sonra isə onların yanından keçməyə çalışan Ceymi Qrinın (Hoffmann Group Audi RS5 DTM) avtomobilini vuraraq trekdən çıxarmış oldu.
Debütantın bu hərəkətindən qəzəblənən Spenqler hətta ona yaxınlaşaraq sərt şəkildə iradını da bildirdi. Lakin, yarışa canlı olaraq baxanların da gördüyü kimi, gənc pilotun bu qəzada heç bir günahı yox idi.
Trekdə dayanmış avtomobillərin təhlükəsiz təxliyəsini təşkil etmək üçün yarışın rəhbərliyi təhlükəsizlik avtomobilini trekə buraxmalı oldu. Təhlükəsizlik avtomobilin treki tərk etməsi ilə hücuma atılan Gəri Paffett Maksim Marteni keçərək ikinci yerə yüksəlmiş oldu. Bu arada peletonun sonunda Audi və Mercedes pilotları arasında mövqe uğrunda gərgin mübarizələr də gedirdi. Lakin, ilk yarışın nəticələrinə görə əlavə ballast alan Audi pilotlarının işi o qədər də asan deyildi. Yarışın başlanmasından 10 dəqiqə sonra Mattias Ekstrem (Red Bull Audi RS5 DTM) ilə gənc pilot Maksimillian Götz (Mercedes-AMG C63 DTM) arasında gərgin mübarizə başladı.
İlk zamanlarda Götzü keçməyi bacaran Ekstrem, sonradan gənc almanın aramsız hücumlarına məruz qaldı və qazandığı mövqeni ona geri verməli oldu. Lakin, Götz stadion bölümündə yenidən səhv buraxaraq Ekstremi irəli buraxmalı oldu. İki pilotun mübarizəsindən faydalanmaq istəyən Rokkenfeller (Schaeffler Audi RS5 DTM) hücuma atılsa da onları keçə bilmədi. Alman pilot məqsədinə yalnız səkkizinci dövrənin sonunda çata bildi - Götz yenidən Ekstremə hücum edərək onu keçmiş oldu. Ötmə zamanı avtomobili zədə almış Ekstremın bir qədər yavaşlamasından istifadə edən Rokki isveç pilotu keçməyi bacardı.
Ümumiyyətlə, mübarizənin ən bol olduğu dövrə elə səkkizinci dövrə oldu. Peletonun otralarında çoxsaylı hücumlar yaşandı. Yarışın 20 dəqiqəsində texniki problem yaşayan da Costa boksa qayıdaraq avtomobilini tərk etdi. Bu arada ikinci yerdə davam edən Paffett di Restaya təzyiq göstərməyə başladı və bu ilk pit-stoplara qədər davam etdi. Pit-stopdan sonra da Gəri Paffett lider üzərində basqını artırmağa başladı. Bunu görüb həyəcan keçirməyə başlayan di Restaya komanda Paffetti cəza gözlədiyini və narahatçılığa səbəb olmadığını bildirdi. Həqiqətən də, pit-leyndə təhlükəli manevrə yol verən britaniyalıyı pitdən keçmə cəzası gösləyirdi.
Paffettin cəzası di Restanı bir qədər rahatlatdı və Gərinin peletonun ortalarına düşməsi şotland pilotun işini asanlaşdırdı. Beləliklə, Pol di Resta yarışı ikinci yerdəki rəqibindən böyük üstünlüklə başa vurmuş oldu. Yarışın sonları əsasən, podium uğrunda Auqusto Frafus ilə Timo qlok arasında mübarizə ilə yadda qaldı. Sonunda alman pilot braziliyalını keçərək podiumun ikinci pilləsinə qalxmış oldu. Belçikalı Maksim Marten finiş xəttini Gəri Paffettin önündə dördüncü olaraq tamamladı.
Mercedesin qələbəsini saymasaq, günün ən məhsuldar komandası Bavariya istehsalçısının komandası oldu. Onlar ilk onluğa altı avtomobillə girməyi bacardılar. Tom Blomkvist yeddinci, Marko Vittmann doqquzuncu, Martin Tomçik (BMW M Performance Parts M4 DTM) isə onuncu yerdə yarışı bitirmiş oldular.
Həftəni güclü başlayan Audi pilotlarının arasında ilk onluğa girməyi bacaran yeganə pilot Niko Müller oldu. Bir müddət yarışa ikinci yerdə davam edən Migel Molina (Teufel Audi RS5 DTM) pit-stopa girişdə buraxdığı səhv ucbatından yarışdan kənarda qalmış oldu. İlk onluğa daxil olan Mercedes pilotlrından biri də Robert Uikkens (SILBERPFEIL Energy Mercedes-AMG C63 DTM) oldu.
Beləliklə, Hokkenhaymda keçirilmiş ilk mərhələdən sonra, pilotlar çempionatındakı turnir cədvəlinə 37 xalla Pol di Resta başçılıq edir. Onu 26 xalla Robert Uikkens və 25 xalla Edoardo Mortara təqib edirlər. Niko Müller 19 xalla dördüncü, Timo Qlok 18 xalla beşinci, Maksim Marten 16 xalla altıncı yerdə qərarlaşmışdırlar. İlk onluğa Gəri Paffett (10 xal), Kristian Fitoris (10 xal) və Bruno Spenqler (8 xal) daxildirlər.
Komandalar çempionatına 37 xalla Mercedes-AMG komandası başçılıq edir. İkinci yerdə 27 xalla Audi Sport Team Abt Sportsline, üçüncü yerdə isə 26 xalla SILBERPFEİL Energy/UBFS Invest Mercedes-AMG komandası qərarlaşmışdır. Markalar üzrə çempionatda Mercedes-Benz (83 xal) liderlik edir. İkinci yeri 72 xalla BMW, sonuncu yeri isə 47 xalla Audi tutur.
DTM çempionatın növbəti mərhələsi 20-22 may tarixlərində Avstriyanın Şpilberq qəsəbəsinin yaxınlığındakı məşhur Red Bull Ring trekində keçiriləcəkdir.
P.S, Yarışdan sonra avtomobili texniki tələblərin 3.7 maddəsini (konturun profilinin dəqiqliyi) pozduğuna görə, Timo Qlok cəza alaraq yarışın protokolundan çıxarılmışdır.
Beləliklə, Qlokun cəzası ilə əlaqədar bütün pilotlar bir pillə yüksəlmişdirlər. Müvafiq olaraq, ikinci yerə Auqusto Farfus, üçüncü yerə isə Maksim Marten sahib olmuşdurlar.