DTM çempionatının on beşinci yarışı Audi komandasının italyan pilotu Edoardo Mortaranın qələbəsi ilə nəticələndi. Bu gün keçirilmiş sıralama turlarında poulu qazanan italiyalı yarışı uğurla başlayaraq damalı bayrağa kimi liderliyini qorumuş oldu. Öz növbəsində Audi pilotları podiumun bütün pillələrini zəbt etdilər. Podiumun ikinci pilləsinə Ceymi Qrin, üçüncü pilləsinə isə Migel Molina yüksəlmiş oldular.
Əslində bu yarış Mortara üçün çox asan keçdi. Bunun başlıca səbəbi onun arxasınca yarışı başlayan komanda yoldaşları idi. Yarışın startında ilk altı Audi pilotu yaxşı start alaraq yerlərini qorumuş oldular və heç bir mübarizə aparmadan finişə qədər yarışı davam etdirdilər. Ən maraqlı hadisələr də elə yarışın startında baş verdi - dördüncü cərgədən yarışı başlayan Timo Şayder və Mattias Ekstrem Marko Vittmann (BMW) və Feliks Rozenkvistə (Mercedes-AMG) keçilmiş oldular.
Bundan bir neçə döngə sonra Maksim Marten və Martin Tomçikin (hər ikisi - BMW) toqquşmasından sonra zərbə alan Mattias Ekstremin avtomobili trekdən kənara çıxaraq yerində fırlanmış oldu. Peletonun sonuna düşən Ekstrem sonradan bir neçə ötmələr edərək yarışı 19-cu bitirdi. Hərçəndi ki, Ekstrem 18-ci də ola bilərdi, lakin Auqusto Farfusa (BMW) hücum zamanı baş verən yüngül toqquşma nəticəsində Kristian Fitorisi (Mercedes-AMG) irəli buraxmış oldu.
Beləliklə, 15-ci yarışdan sonra pilotlar çempionatına 176 xalla Marko Vittmann başçılıq edir. Hunqaroqinqdə əldə etdiyi qələbə sayəsində Edoardo Mortara 162 xalla ikincidir. Üçüncü yerə isə, bu yarışda finişi ikinci görən Audi komandasının britaniyalı pilotu Ceymi Qrin yüksəlməyi bacarmışdır. Komandalar çempionatında da dəyişiklik var. Audi Sport Abt Sportsline Team komandası 244 xalla liderliyə yüksəlmişdir. İkinci və üçüncü yerləri BMW Team RMG və BMW Team RBM komandaları bölüşdürürlər.
Markalar çempionatlnda Hunqaroqinqdə 90 xal toplamış Audi liderliyə yüksəlmişdir. 554 xal toplamış İnqolştat istehsalçısını 527 xalla BMW və 424 xalla Mercedes-Benz təqib edir.