Altıncı gün Lauzitsrinqdə keçirilmiş ikinci sərbəst yürüşlərin ən sürətli pilotu Audi komandasının İsveçrəli pilotu Niko Müller olmuşdur. Audi pilotu ikinci sərbəst yürüşlərin sonlarında dövrəni 1:17,386 zamanla başa vuraraq sərbəst yürüşlərə liderlik edən Mercedes-Benz pilotu Lukas Aueri ikinci sıraya endirməyə müvəffəq olmuşdur. Sürətli dövrə sayəsində Müller Aueri 0,009 saniyə cüzi fərqlə üstələyə bilmişdir. Auerin ardınca üçüncü nəticəni digər Audi pilotu Mattias Ekstrem göstərmişdir.
Mattias Ekstremdən sonra dördüncü və beşinci mövqelərdə Mercedes-Benz komandasının pilotu Kristian Fitoris və Audi pilotu Migel Molina yerləşmişdirlər. Müvafiq olaraq altıncı və yeddinci yerlər Audi pilotu Mayk Rokkenfeller və Mercedes-Benz komandasının debütantı Esteban Okona qismət olmuşdur.
İlk onluğa daxil olmağı bacarmış digər üç pilot Qəri Paffett, Daniel Xunkandelya (hər ikisi -Mercedes-Benz) və BMW komandasının pilotlarının arasında ən uğurlu nəticəni göstərmiş Marko Vittmann olmuşdur. Ən maraqlısı da odur ki, onuncu yeri tutmuş Marko Vittmannla günün ən sürətli pilotu olan Niko Müller arasındakı zaman fərqi cəmi 0,319 saniyə olmuşdur. Bu rəqəm pilotların göstərdiyi zamanların nə qədər sıx olduğunun ən gözəl nümunəsidir.
Pilotlar çempionatının lideri olan Pol di Resta yenə də uğursuzluğa düçar olmuşdur - şotland pilotun göstərdiyi 1:17,857 zamanı ona 15-ci sıranı əldə etməyə imkan vermişdir.