DTM çempionatının növbəti mərhələsinə Almaniyanın Brandenburq əyalətindəki Klettvits şəhərinin yaxınlığındakı EuroSpeedway Lausitz trekində start verilmişdir. Avropa üçün qeyri-ənənəvi olan bu kompleks həm Amerikada daha çox rast gəlinən oval trekə, həm də Avropada populyar olan adi yol treklərini xatırladan hissəyə də malikdir. Bu kompleksin DTM çempionatı üçün nəzərdə tutulmuş quruluşu 14 döngədən və 4534 metrdən ibarətdir.
EuroSpeedway Lausitz trekində keçirilmiş ilk sərbəst yürüşlərin ən sürətli pilotu Mercedes-Benz komandasının Avstriyadan olan pilotu Lukas Auer olmuşdur. Avstriyalı dövrəni 1:17,587 zamanla başa vuraraq günün protokoluna başçılıq etmişdir. Gənc pilot ikinci nəticəni göstərmiş Audi pilotu Niko Mülleri 0,392 saniyə üstələyə bilmişdir. İsveçrəli pilotun ardınca üç sıranı onun komanda yoldaşları Edoardo Mortara, Mattias Ekstrem və Migel Molina (hər üçü - Audi) tutmuşdurlar.
Mercedes-Benz komandasının digər pilotu Kristian Fitoris altıncı nəticəni göstərərək Audi pilotu Ceymi Qrinin önündə yer almışdır. Yeddinci yerdə qəraralaşan Audi pilotu günün liderindən 0,674 saniyə yavaş olmuşdur. İlk onluğa daxil olmuş digər üç pilot isə, Maksimilyan Götz (Mercedes-Benz), Mayk Rokkenfeller (Audi) və Qəri Paffett (Mercedes-Benz) olmuşdurlar.
BMW komandasının pilotları arasında ən yaxşı nəticəni göstərmiş pilot Britaniyalı Tom Blomqvist olmuşdur. Dövrəni 1:18,474 zamanı ilə başa vuran pilot ancaq on üçüncü nəticəni əldə edə bilmişdir. Ümumilikdə BMW pilotları 13 - 20-ci yerlər arasında qərarlaşmışdırlar. Pilotlar çempionatına başçılıq edən Pol di Resta ancaq 11-ci nəticəni göstərə bilmişdir.