EuroSpeedway Lausitz trekində keçirilən ikinci yarış Mercedes-AMG Team Mücke və onun pilotu Lukas Auerin möhtəşəm qələbəsi ilə yadda qalacaqdır. İlk sıradan start alan Avstriyalı pilot inamlı şəkildə yarışa başlayaraq on iki ildir ki, DTM çempionatında iştirak edən alman komandasına əvvəlcə ilk poulunu, sonra isə ilk qələbəsini bəxş etmiş oldu.
«Yarış inanılmaz dərəcədə çətin idi. Əsasən də, yarışın ilk anlarından başlayaraq rəqiblərimlə aramda fərq yaratmaq lazım idi və mənə bunu etmək nəsib oldu. Piter Mükenin əvəzinə çox sevinirəm. Bu insan öz ömrünü 100 faiz avtomobil idmanına həsr etmiş bir şəxsdir», - söyləyən Lukas Auer sözlərinə davam etmişdir. «DTM fantastik bir çempionatdır və burada qalib gəlmiş ilk Avstriyalı olduğum üçün şərəf hissi duyuram».
Yarış Auer üçün ideal şəkildə başladı. Avstriyalı pilot uğurlu start alaraq rəqibləri ilə arasındak; məsafəni açmağa müəssər oldu. DRS sisteminin tətbiqi üçün gərək olan 1,1 saniyədən artıq ara məsafəsini təmin edən Auer, birinci yerdəki mövqeyini rəqiblərinin hücumundan qorumuş oldu. Qalan 39 dövrə ərzində səhv buraxmayan Mercedes-Benz pilotu yarışı rəqiblərinə nisbətən daha sürətli dövrələr vurmağa müvəffəq oldu. «Mən tempim inanılmaz idi. Komanda pit-stop zamanı fantastik iş gördü». 46 dövrədən sonra finiş xəttini keçən Auer, ən yaxın rəqibi olan Mattias Ekstremə qarşı yeddi saniyə üstünlük təmin etmiş oldu.
Auerlə müqayisədə onun komanda yoldaşı olan Kristian Fitorisin bəxti ümumiyyətlə gətirmədi - sırlama turlarında aldığı cəzadan sonra Mücke komandasının pilotu yarışı yeddinci yerdən başlamalı oldu. Yarışın doqquzuncu dövrəsində Auqusto Farfusa hücum edən Migel Molina səhv buraxaraq Braziliyalı pilotu trekin kənarına «göndərdi». Nəticədə, Farfus yarışı tərk etmiş, Molina isə pitdən keçmə cəzasını almış oldu.
Molinanın Farfusu «səyahətə göndərdiyi» an
Finişdə yarışın qalibini təbrik edən ilk pilot Audi komandasının İsveçli pilotu Mattias Ekstrem oldu. Doqquzuncu yerdən start alan Ekstrem uğurlu çıxışı nəticəsində podiumun ikinci pilləsinə qalxmış oldu. Pit-stoplardan sonra beşinci olan isveç pilot, maksimal dərəcədə gec pit-stopun hesabına rəqiblərini üstələmiş oldu. Pit-stopdan sonra digər rəqiblərindən sürətli olan Ekstrem əvvəlcə Ceymi Qrini, yarışın sonlarında isə Robert Uikkensi keçməyə müvəffəq oldu. Mattias Ekstrem finişdən sonra uğurlu çıxışını belə izah etdi: «Əgər siz yüksək tempə maliksəniz isə, gec pit-stop taktikasından istifadə edə bilərsiniz. Mən bacardığım gədər pit-stopu uzatmağa çalışdım, çünki şinləri qoruyub-saxlayacağıma əmindim». Yarışın əksər hissəsini Ekstrem komanda yoldaşı Ceymi Qrinlə mübarizə aparmalı olmuşdu. Britaniyalı pilotu haqlayan Ekstrem pit-stopdan sonra yenidən Qrinin arxasına düşmüş oldu.
Podiumun üçüncü pilləsinə qalxan Robert Uikkensin ikinci olacağı heç kimdə şübhə doğurmurdu. Lakin, yarışın sonlarında təkərlərinin yüksək dərəcədə aşınması Uikkensə mövqeyini Ektremin hücumundan qorumağa imkan vermədi. Bununla belə, Robert yarışın sonuncu dövrələrində bütün qüvvəsini Qrinin hücumlarından qorunmağa sərf etdi. Uikkens: «Biz pit-stopu çox tez keçirməli olduq və yarışın sonlarına onların vəziyyəti o qədər də sevindirici deyildi.Buna görə də, mənim Mattiasa qarşı heç bir şansım olmadı. Bununla belə, mən podiumda finiş görüdyüm üçün çox şadam».
Əgər Uikkens yarışın sonlarına yaxın təkər problemi yaşasa da, Fitorisin cəza almasında sonra ilk cərgədən start almış Timo Qlokun avtomobilindəki təkərlər ümumiyyətlə «işləmədi». Startı bərbad alınan alman pilot bir birinin ardıca mövqeyini itirməyə başladı. Pit-stopdan sonra şinlərinin vəziyyəti düzəlməyən Qlok komanda yoldaşı Marko Vittmann üçün «asan ov» oldu. Nəticədə, Vittmann BMW komandasının ən uğurlu pilotu olaraq altıncı yerdə yarışı başa vurdu. Buna baxmayaraq əldə etdiyi xallar ona pilotlar çempionatındakı liderliyini qorumağa imkan vermədi.
Beləliklə, keçirilmiş altı yarışdan sonra pilotlar çempionatına 58 xalla Robert Uikkens başçılıq edir. İkinic yerdə 55 xalla Marko Vittmann qərarlaşmışdır. Podiumda finiş sayəsində 46 xal toplayan Mattias Ekstrem üçüncü piləyə yeksəlmiş oldu. Komandalar çempionatında isə yerlər növbəti şəkildə bölüşdürülmüşdür: 1. BMW Team RMG (93 xal), 2. Audi Sports Team Abt Sportsline (90 xal), 3. BMW Team RBM (73 xal). İstehsalçılara gəldikdə isə, balansında 228 xal olan BMW ilk yerdədir. Onu təqib edən Audi 198 xal toplamağa müəssər olmuşdur. Sonuncu yerdə isə 180 xalla Mercedes-Benz qərarlaşmışdır.
Çempionatın növbəti mərhələsi 24-26 iyun tarixlərində Almaniyanın Nürnberq şəhərinin küçələrində yerləşən Norisrinq trekində keçiriləcəkdir.