Bu gün Norisrinqdə keçirilmiş ikinci sıralama turları öz həyəcanına görə, şənbə günü keçirilmiş sıralamalardan heç də geri qalmadı. Sırlamalara start verilən ilk andan Mercedes-AMG C63 DTM avtomobillərində yarışan pilotların daha sürətli olduğu görünsə də, sonunda ən yaxşı nəticə göstərən pilot Audi komandasının isveç pilotu Mattias Ekstrem oldu. Sıralamaların bitməsinə saniyələr qala, dövrəni 47,804 saniyə ilə başa vuran Ekstrem, bu günki yarışı ilk sıradan başlayacaqdır.
Lakin, günün sensasiyasını BMW komandasının gənc pilotu Tom Blomkvist etdi - sərbəst yürüşlərdə o qədər də aktiv olmayan gənc Britaniyalı dövrəni 47,820 saniyə ilə başa vuraraq, yarışı Ekstremlə birlikdə ilk sıradan başlamaq hüququnu əldə etmiş oldu.
Sıralamalarda üçüncü yeri Mercedes-Benz komandasının pilotu Pol di Resta tutmuşdur. Sərbəst yürüşlərdə ən sürətli pilot olmuş Şotlandiyalı, sıralama turlarında da uzun müddət protokola başçılıq etsə də, sonunda üçüncü yerlə kifayətlənməli olmuşdur.
BMW komandasının pilotları da gözlənilənin əksinə olaraq sıralama turlarını aktiv şəkildə başladılar. Hətta, ilk zamanlar protokola başçılıq edən Bavariyalı pilotlar sonunda ilk onluğa üç pilotla daxil olmağı bacardılar. Bavariya komandasının rənglərini müdafiə edən Maksim Marten altıncı, dünya çempionu olmuş Marko Vittmann isə onuncu nəticəni göstərmiş oldular.
Audi pilotları Niko Müller dördüncü, Ədrien Tambe səkkizinci, ilk yarışın qalibi olan Edoardo Mortara isə doqquzuncu olmağı bacardılar. Mercedes komandası da ilk onluqda üç pilotla təmsil edilmişdir: Lukas Auer - beşinci, Robert Uikkens isə yeddinci yerdə sıralanmışdırlar.
P.S. Birinci yarışda qəzaya səbəb olduğuna görə, Mattias Ekstrem üç yer cəza alaraq, yarışı dördüncü yerdən başlayacaqdır. Beləliklə, ilk sıradan start alan pilotlar Tom Blomqvist və Pol di Resta olacaqdır.