Bildiyimiz kimi, DTM çempionatının növbəti mərhələsi Almaniyada yerləşən Nürnberq şəhərinin küçələrində təşkil edilmiş Norisrinq trekində keçirilir. Norisrinq treki əsasən düzlüklərdən və səkkiz döngədən ibarətdir. Eyni zamanda, Norisrinqin uzunluğu 2,3 kilometr təşkil edir ki, DTM çempionatının təqvimində olan ən qısa trekdir. Trekin sadə görünüşünə baxmayaraq burada yarışmaq o qədər də asan iş deyildir. Bakı Şəhər Halqasının da timsalında gördüyümüz kimi, sürətli şəhər trekləri pilotların səhvini heç zaman bağışlamır.
Beləliklə, dördüncü günü Norisrinqdə keçirilmiş ilk sərbəst yürüşlərə Audi komandasının italyan pilotu Edoardo Mortara başçılıq etmişdir. Dövrəni 48,878 zamanla başa vuran Mortara ən yaxın təqibçisi olan BMW komandasının alman pilotu Marko Vittmannı 0,057 saniyə üstələmişdir.
Ümumiyyətlə, Norisrinqdə nəticələr hər zaman çox yaxın olduğundan ilk dördlüyü saniyənin onda biri ayırmışdır. Üçüncü nəticəni göstərmiş Mattias Ekstremi (Audi RS 5 DTM) liderdən 0,090 saniyə ayırmışdır. Audi pilotları Norisrinqdəki sərbəst yürüşlərdə yaxşı çıxış etmişdirlər. Belə ki, ilk beşliyə dörd Audi pilotu daxil olmağı bacarmışdır. Ekstremin ardınca dördüncü və beşinci nəticəni göstərmiş pilotlar Niko Müller və Ədrien Tambe (dər ikisi - Audi RS DTM) olmuşdurlar.
Mercedes-Benz komandasını təmsil edən pilotların arasında ən yaxşı nəticə göstərən pilot kanadalı Robert Uikkens olmuşdur. 49,002 zamanla dövrəni başa vuran Mercedes pilotu altıncı nəticəni qeyd etmişdir.