Bu gün keçirilmiş sərbəst yürüşlərdə günün ən yaxşı nəticəsini Audi komandasının çempion pilotu Mayk Rokkenfeller göstərmişdir. Alman sürücü dövrəni 1:23,540 zamanı ilə başa vuraraq şənbə günün ən sürətli pilotu olmuşdur. Günün ikinci nəticəsini Rokkinin komanda yoldaşı Timo Şayder göstərməyə müvəffəq olmuşdur. Dövrəni 1:23,540 zamanı ilə başa vuran Audi pilotu liderdən cəmi 0,04 saniyə geridə qalmışdır. Günün üçüncü nəticəsini göstərən pilot Mercedes-Benz komandasının gənc pilotu Maksimilian Götz olmuşdur. O, dövrəni 1:23,618 zamanla başa vuraraq ikinci sətri zəbt etmiş Şayderdən 0,038 saniyə yavaş olmuşdur.
İkinci sərbəst yürüşlərdə dördüncü vaxtı göstərən pilot, cümə günü keçirilmiş sərbəst yürüşlərin ən sürətli pilotu olan Tom Blomqvist olmuşdur. Britaniyalı pilot ən sürətli dövrəsində 1:23,651 zamanı qeydə almışdır. Blomqvistdən sonrakı üç yeri Audi komandasının pilotları Edoardo Mortara, Ceymi Qrin və Ədriən Tambe tutmuşdurlar.
Səkkizinci nəticəni göstərmiş olan Mercedes-Benz pilotu Daniel Xunkandelya 1:23,807 zamanı qeydə alaraq Audi pilotu Mattias Ekstremi geridə qoya bilmişdir. İlk onluğu tamamlayan pilot isə BMW komandasının belçikalı pilotu Maksim Marten olmuşdur.
Pilotlar çempionatında liderlik edən Pol di Resta bu dəfə də uğurlu nəticə əldə edə bilməmişdir - şotland pilot ancaq 14-cü nəticəni göstərə bilmişdir. Bu gün Şpilberqdəki mərhələrinin ilk sıralama turları və yarışı keçiriləcəkdir.