DTM çempionatının ikinci mərhələsinin ilk yarışının qalibi Marko Vittmann (Red Bull BMW M4 DTM) olmuşdur. Sıralama turlarında ilk sıradan start almaq şansını əldə etmiş eks-çempion, qırmızı işıqların sönməsi ilə başlayan yarışa startdan damalı bayrağa qədər inamla liderlik edərək qələbə çalmışdır. Podiumin ikinci pilləsinə Vittmannın komanda yoldaşı Tom Blomqvist (Ice-Watch BMW M4 DTM) qalxmışdır. Audi komandasının italyan pilotu Edoardo Mortara (Castrol EDGE Audi RS 5 DTM) podiumun üçüncü pilləsinə qalxan idmançı olmuşdur.
Yarışı dubl ilə başa vuran Bavariya istehsalçısının pilotları ilk onluqda altı avtomobillə finiş görməyə nail olmuşdular. Sıralamadan da göründüyü kimi, ilk cərgədən start alan pilotlar 40 dəqiqəlik yarışın sonunda eyni ardıcıllıqla finiş xəttini keçməyə müvəffəq olmuşdurlar.
Sıralamalarda üçüncü yeri qazanmış Ədriən Tambe (speedweek.com Audi RS 5 DTM) bərbad start nəticəsində nəinki komanra yoldaşı Edoardo Mortaranı, eləcə də Timo Qloku (DEUTSCHE POST BMW M4 DTM) və Martin Tomçiki (BMW M Performace Parts M4 DTM) irəli buraxmışdır.
Yaxşı start almış Mattias Ekstrem (Red Bull Audi RS 5 DTM) ilk döngədə Maksim Martenin (SAMSUNG BMW M4 DTM) müdaxiləsi nəticəsində avtomobilin idarəetməsini itirərək yerində fırlanmışdır. Xoşbəxtlikdən bu insident qəzasız-bəlasiz ötüşmüşdür - arxadan gələn pilotlar yüksək ustalıq göstərərək toqquşmanı onləyə bilmişdirlər.
Yarışın stüardları dərhal Ekstrem, Marten və Feliks da Koştanın (BMW M4 DTM) iştirakçıları olduğu hadisəni təhqiqat altına aldıqlarını bildirmişdirlər.
Bu qəza nəticəsində onuncu yerdən start almış Ekstrem peletonda son yerə geriləmişdir.
Üçüncü dövrədə yarışın liderinə təzyiqlər göstərməyə başlayan Blomqvist istədiyinə nail ola bilməmişdir.
Təcrübəli Vittmann gənc komanda yoldaşına hücum şansı belə verməmişdir. Yarışın gedişatına diqqət yetirsək, bu gün Şpilberqdə baş tutmuş yarışı bu il keçirilən üç yarışın arasında ən sakit keçən yarış olduğunu söyləmək olar.
Doğrudur, təkər-təkərə mübarizələri və ötmələri müşahidə etsək də, ümumilikdə 40 dəqiqəlik yarış sabitliyi ilə yadda qalmışdır.
İlk qəzada adı hallanan da Koşta bu da azmış kimi sarı bayraqlar zonasında ötmə etməsi səbəbindən pitdən keçmə cəzaına layiq görülmüşdür. Ötmələri çətinləşdirən faktorlardan biri bu ildən tətbiq edilən DRS sisteminin məhdud sayda istifadə qaydaları olmuşdur.
Misal üçün, yarışın ortalarında komana Mortaraya DRS-dən istifardə sayının bitdiyini bildirmək məcburiyyətində qalmışdı.
Yarışın ortalarında Mortaraya çətin anlar yaşadan Qlok hücunlarından bir nəticə əldə edə bilmədi və podium şansını itirmiş oldu. Beləliklə, üç yarışdan sonra, Pol di Resta 43 xalla pilotlar çempionatindakı liderliyini avam etdirir. Onun ən yaxın rəqibi olan Edoardo Mortara 40 xalla ikinci yerdə qərarlaşmişdir. Turnir cədvəlindəki üçüncü yerə hesabında 29 xal olan Marko Vittmann yüksəlmişdir.
Komandalar çempionatında ilk sırada 53 xal toplamış BMW Team RBM komandası, ikinci yerdə ondan 10 xal geridə qalan Mercedes-AMG komandası və nəhayət üçüncü yerdə 42 xalla Audi Sport Team Abt Sportsline komandası qərarlaşmışdırlar.
Markalar çempinatında isə vəziyyət belədir: 1.BMW - 140 xal, 2.Mercedes-Benz - 93 xal, 3. Audi - 70 xal.