Şimali Hollandiyanın Zandvort şəhəri yaxınlığında yerləşən avtodromda keçirilmiş ikinci sərbəst məşqlərin lideri Mercedes-Benz komandasının britaniyalı pilotu Qəri Paffett olmuşdur. Sərbəst yürüşlər boyu Mercedes-AMG C63 DTM avtomobilində çıxış edən pilotlar hegemonluq etmişdirlər.
Qəri Paffett məşq sessiyası zamanı ən güclü çıxış edən pilotlardan olmuşdur. Britaniyalı pilot əsasən komanda yoldaşları Daniel Xunkandelya və Robert Uikkemslə birincilik uğrunda mübarizə aparmışdır.
Audi pilotu Mattias Ekstrem və BMW pilotu Marko Vittmann birinci yeri tutmağa müvəffəq olsalar da, qısa müddət ərzində Mercedes pilotları tərəfindən ilk sıradan atılmışdırlar.
Günün ən sürətli pilotu olan Paffett 1:31,497 zamanını sessiyanın bitməsinə 3 dəqiqə qala göstərmişdir. Bundan sonra heç bir pilot britaniyalını üstələyə bilməmişdir. Sessiyanın sonunda çempionatın lideri olan Marko Vittmann ikinci nəticəni göstərərək Daniel Xundkandelyanı ikinci yerdən üçüncü yerə gerilədə bilmişdir.
Günün dördüncü nəticəsini Audi pilotları arasında ən sürətli pilot olan Mattias Ekstrem göstərmişdir. Liderdən 0,369 saniyə geridə qalan Maksimilian Götz beşinci nəticə ilə kifayətlənməli olmuşdur. Altıncı yerdə Götzə 0,1 saniyə uduzan BMW komandasının britaniyalı pilotu Tom Blomqvist qərarlaşmışdır. İlk onluğu tamamlayan pilotlar Timo Qlok (BMW), Niko Müller (Audi) və Kristian Fitoris (Mercedes-Benz) olmuşdurlar.
Sərbəst yürüşlərdən görünən odur ki, Zanvort trekində üstünlük Ştutqart istehsalçısının avtomobillərində yarışan pilotların olacaq. DTM çempionatındakı treklərin arasında ən ensizi sayılan bu trekdə ötmək çox çətin olsa da, mümkündür.
Odur ki, şənbə günü yarışı öncəsi keçiriələcək sıralama turları burada böyük əhəmiyyət kəsb edir.