Bü gün keçiriləcək yarışın start düzülüşünü təyin edən sıralama turları, əvvəl də ehtimal etdiyimiz kimi, Audi və Mercedes pilotlarının gərgin mübarizəsi ilə keçdi. Sıralama turlarının sonlarında Audi komandasının britaniyalı pilotu Ceymi Qrin dövrəni 1:30,696 zamanla başa vuraraq bu günki yarışda pouldan start almaq hüququnu əldə etmiş oldu.
Qrin ilə birlikdə yarışı ilk cərgədən onun həmyerlisi Qəri Paffett (Mercedes-Benz) başlayacaqdır. Poulun sahibinə 0,079 saniyə uduzan Paffett bu mövsümdə keçirilən sıralamalarda ən uğurlu nəticəsini əldə etmiş oldu.
Qrin və Paffetin ardınca ikinci sıradan yarışı başlayacaq pilotlar Kristian Fitoris (Mercedes-Benz) və Edoardo Mortara (Audi) olacaqdırlar.
Şənbə günü keçirilmiş yarışın qalibi olan Robert Uikkens (Mercedes-Benz) isə beşinci nəticəni göstərərək Timo Qlokun (BMW) önündə yer almağı bacarmışdır.
Çempionatın lideri olan Marko Vittmann (BMW) poulun sahibinə 0,350 saniyə uduzaraq yeddinci olmuşdur. Təsnifat mərhələsinin ilk onluğuna daxil olmağı bacaran pilotlar Esteban Okon (Mercedes-Benz), Mattias Ekstrem və Niko Müller (hər ikisi - Audi) olmuşdurlar.
İlk yarışda da gördüyümüz kimi, Zandvort treki ötmələri həyata keçirmək üçün çox münasib deyildir. Lakin, yarış zamanı çoxlu sayda qəzaların yaşanması və təhlükəsizlik avtomobilin trekə daxil olması ehtimalı bu trekdə hər zaman yüksəkdir. Buraya pit-stopları da əlavə etsək, bu günki yarışın çox da cansığxıcı olmayacağına ümid edirik.