DTM çempionatının növbəti mərhələsi Şimali Hollandiyanın Zandvort şəhəri yaxınlığında yerləşən avtodromda keçirilir. Bu gün keçirilən ilk sərbəst məşqlərin lideri Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens olmuşdur. Kanadalı pilot günün ən yaxşı vaxtını sessiyasını ortasında göstərmişdir.
Uikkens dövrəni 1:31,693 zamanla başa vuraraq komanda yoldaşları Daniel Xunkandelyanı və Kristian Fitorisi üstələmişdir. Qeyd etmək lazımdır ki, ikinci nəticəni göstərmiş Xunkandelya liderə cəmi 0,045 saniyə uduzmuşdur. Kristian Fitorisə isə üçüncü nəticəni göstərmək sessiyanın bitməsinə saniyələr qala nəsib olmuşdur.
Audi komandasının isveçli pilotu Mattias Ekstrem dördüncü nəticəni göstərərək İnqolştat komandasının ən uğurlu təmsilçisi olmuşdur. Beşinci yeri daha bir Mercedes-Benz pilotu Qəri Paffett tutmuşdur. Altıncı yer isə BMW komandasının pilotu Bruno Spenqlerə nəsib olmuşdur.
İlk onluğu tamamlayan pilotlar Lukas Auer, Mayk Rokkenfeller, Niko Müller və Martin Tomçik olmuşdurlar. Ən maraqlısı odur ki, pilotlar çempionatında ilk beş yeri tutan pilotlardan heç biri ilk onluğa düşə bilməmişdirlər. Bu pilotlar arasında ən yaxşı nəticə göstərən 17-ci yeri tutmuş Ceymi Qrin olmuşdur. Çempionatın lideri olan Marko Vittmann ümumiyyətlə 24-cü nəticəni göstərmişdir.