Bundan əvvəlki xəbərdə də qeyd etdiyimiz kimi, sıralama turları Mercedes-Benz şirkətinin avtomobillərində çıxış edən pilotların üstünlüyü ilə keçmişdir. Doğrudur, sessiyanıln sonlarında Ceymi Qrin (Audi) və Marko Vittmann (BMW) poula iddialı olduqlarını sübut etməyə çalışsalar da, Ştutqart istehsalçısnın pilotları qısa müddətdə status-kvonu bərpa etdilər.
Beləliklə, sırlamaların protokolunun ilk onluğunda Mercedes-Benz komandasının dörd pilotu yer almağa müvəffəq olmuşdurlar. Bunlar poulun sahibi Robert Uikkens, üçüncü və dördüncü yerlərdə sıralanan Kristian Fitoris və Qəri Paffett, yeddinci yerin sahibi olan Esteban Okondur.
Bavariya komandasının çempion pilotu Marko Vittmann uğurlu çıxış edərək bu günki yarışı ilk sıradan başlamaq hüququnu əldə etmişdir. Əgər Marko uğurlu start alaraq Uikkensi arxada qoymağa müvəffəq olarsa, qələbə çalmaq şansını əldə etmiş olacaqdır.
Qeyd etmək lazımdır ki, təsnifat mərhələsinin ilk dəqiqələri Maksimilian Getzin (Mercedes-Benz) qəzası və Niko Müllerin yerində fırlanması ilə yadda qalmışdır. Qəzada arxa bmperini itirən Getz boksa qayıtmaq məcburiyyətində qalsa qa, Müller ondan daha şanslı olmuşdur - avtomobili zədə almayan pilot yarışmağa davam etmışdır.
Vittmanın komanda yoldaşları onun qədər uğurlu çıxış edə bilməsələr də, Antonio Feliks da Koşta səkkizinci, Timo Qlok isə onuncu olmağı bacarmışdırlar.
İnqolştat təmsilçisinin ən uğurlu pilotu beşinci yeri tutan Ceymi Qrin olmuşdur. Britaniyalı liderdən 0,226 saniyə yavaş olmuşdur və bu günki yarışı komanda yoldaşı Edoardo Mortara ilə birlikdə üçüncü sıradan başlayacaqdır. Audi komandasının isveçli pilotu Mattias Ekstrem yalnız doqquzuncu olmağı bacarmışdır.
Bu gün keçiriləcək yarışda qələbə çalmağa ən böyük şansı olan pilot Robert Uikkensin olduğunu söyləmək olar. Artıq kanadalı pilot sərbəst yürüşlər xamanı sürətli olduğunu sübut etmişdir. Lakin avtomobil idmanında heç vaxt heç nədən əmin olmaq mümkün deyil.