Hokkenhaymda keçirilmiş dörd günlük mövsümöncəsi testlərin son günündə keçmiş Formula 1 pilotu Timo Qlok (BMW) günün ən sürətli pilotu olmuşdur. Eyni zamanda, Münhen komandasının təmsilçisi testlərin rekorduna imza atmışdır.
Testlərin ilk günlərində liderlik edən Mercedes pilotlarını geridə qoymağı bacarmış Qlok Hokkenhaymdakı dövrəni 1.30,201 zamanla tamamlamağa müvəffəq olmuşdur. Timo ən sürətli zamanı səhər keçirilmiş sessiyada göstərmişdir. Testlərin ilk iki günündə Qəri Paffett rəqiblərindən 0,3 saniyə yeyin olsa da, cərşənbə günü liderliyi komanda yoldaşı kanadalı Robert Uikkenzə təhvil verməyə məcbur olmuşdur.
Sonuncü gün digər Mercedes pilotu Pol di Resta səhər sessiyasında günün rekordunu təzələməyə çalışsa da, sonunda Qloka 0,037 saniyə uduzmuşdur. Öz növbəsində, qüvvədə olan dünya çempionu Marko Vittmann ilk üçlüyə daxil olmağı bacarmışdır. Marko öz həmyerliindən 0,61 saniyə geridə qalaraq günü üçüncü olaraq tamamlamışdır. Paffet testləri dördüncü, Auer və Uikkenz isə müvafiq olaraq beşinci və altıncı yerdə bitirmişdirlər.

Ən sürətli Audi pilotları olan Mayk Rokkenfeller və Mattias Ekstrem testləri yeddinci və səkkizinci olaraq tamamlamışdırlar. İlk onluğu tamamlayan pilotlar isə Bruno Spenqler (BMW) və Niko Müller (Audi) olmuşdurlar.
Audi komandasının gənc pilotu Rene Rast Mercedes pilotu Maro Engeli qabaqlayaraq testləri on üçüncü yerdə bitirmişdir. Keçən ilin vitse-çempionu Edoardo Mortara (Mercedes-Benz) testləri on beşinci olaraq başa vurmuşdur.
DTM çempionatının ilk yarışı may ayının 5-7 tarixlərində Hokkenhaymda keçriləcəkdir. Doqquz mərhələdən ibarət olan çempionat 15 oktyabr tarixində elə Hokkenhaymda başa çatacaqdır.