DTM çempionatında iştirak edən üç komandadan ikisi - Audi və BMW komandaları hələ keçən il, yeni mövsümdə iştirak edəcək pilotlarını təqdim etmişdilər. Bu üçlük arasında pilotlar heyətini elan etməyən yeganə komanda Mercedes-Benz şirkəti idi.

Artıq bu gün Ştutqart təmsilçisi rəsmi olaraq yeni mövsümdə iştirak edəcək pilotlarının adlarını açıqlamışdır. Bildiyimiz kimi, yeni mövsümdə hər bir istehsalçı səkkiz əvəzinə altı avtomobillə təmsil ediləcəkdirlər. Buna baxmayaraq, Mercedes-AMG DTM komandasının rəhbərliyi dörd pilotla birdən sağollaşmaq qərarına gəlmişdir. Bunlar - Daniel Xunkandelya, Kristian Fitoris, Feliks Rozenkvist və Maksimillian Götzdür. 

Mercedes-AMG komandasının tərkibindəki yerlərini Qəri Paffett, Pol di Resta, Robert Uikkens və Lukas Auer qoruyub-saxlamışdırlar. Bundan əlavə, «döyüş» pilotlarının tərkibinə 2008-2011-ci illərdə Ştutqart komandasının rənglərini müdafiə etmiş Maro Engel də qatılmışdır. Əvvəl də məlumat verdiyimiz kimi, keçən mövsümü vitse-çempion statusunda başa vuran Edoardo Mortara da Mercedes komandasına keçmişdir.

Ulrix Frits, Mercedes-AMG DTM komandasının rəhbəri: «Biz artıq yeni mövsümdə yeni avtomobil, yeni şinlər və daha az sayda pilotla yarışacağıq. Müvafiq olaraq, pilotlar arasında rəqabət, bu günə kimi DTM çempionatında olmadığı qədər, daha da güclənəcəkdir. Məhz, güclü pilot tərkibinə malik olduğumuz üçün çox şadam. Edoardo, Lukas, Pol, Qəri və Robert artıq DTM-də qələbə çalmış pilotlardır və çempion titulu uğrunda mübarizəyə qoşulmağa qadirdilər».