DTM çempionatının yeni mövsümünün başlanmasına bir ay vaxt qalır. Bu müddət ərzində komandalar sonuncu mövsümöncəki testləri keçirərək, texnikanın yeni mövsümə hazırlanması işini tamamlamalıdırlar.
Bu gün DTM çempionatının iştirakçılarından biri olan BMW Motorsport komandası yeni mövsümdə iştirak edəcək M4 DTM avtomobilini təqdim edtmişdir. Bu ildən qüvvəyə minmiş texniki tələblərə uyğun hazırlanmış avtomobil, keçən il Bavariyalı istehsalçının istifadə etdiyi “siluetlərdən” müəyyən qədər fərqlənir. İlk növbədə yeni avtomobil 500 at qüvvəsinin üzərində gücü olan 4,0-litrlik səkkiz silindrli mühərriklə təchiz edilmişdir. Bundan başqa, avtomobilin aerodinamikası da dəyişikliyə məruz qalmışdır.
Yeni texniki tələblər avtomobilin klirensinin artırılmasını tələb edir. Bu səbəbdən də azalmış yerəbasma gücünün bərpa edilməsi məqsədi ilə avtomobilin aerodinamikası tamamilə yenidən işlənilmişdir. Belə ki, avtomobilin ön bamperi tamamilə yeni formaya malikdir və avtomobilin ətrafında yaradılan hava axınının başlanğıc nöqtəsini təşkil edir. Eyni zamanda, yan güzgülərin formaları da dəyişdirilmiş, yan hava kanalının konturları, arxa təkər tağlarındakı havalandırma kanallarının forması yenilənmişdir.

Bundan başqa, avtomobilin arxa antiqanadı da tamamilə yenisi ilə əvəz edilmiş, DRS sistemi dəyişdirilmişdir.
Əvvəlki qanad bir hissədən ibarət olmuşdursa, yeni antiqanad iki hissəyə malikdir. DRS aktivləşən zaman üst tərəfdəki profil yuxarı qalxır. Əvvəlki ilə müqayisədə sonluqdakı lövhəciklər qanad ilə birlikdə yerdəyişmə etmirlər. Sistemin tənzimləmələrinin bucağı 40 fazi təşkil edir ki, bu da onu keçən ilkinə nisbətən daha effektiv edir. Eyni zamanda, avtomobilin döşəmə paneli beş millimetr qalınlaşmışdır. Arxa fənərlərin tərtibatı da standart BMW M4 kupesində olduğuna bənzər şəkildə dəyişdirilmişdir.
Arxa diffuzor da tamamilə yeni formaya malikdir. O, keçən il istifadə edilən diffuzordan daha kiçik və daha hamardır.