DTM çempionatının promouteri və hüquqlarının sahibi olan ITR şirkətinin, Audi, BMW və Mercedes-Benz komandalarının rəhbərlərinin iştirakı ilə cümə axşamı keçirilmış iclasında, turinq yarışlarına xas olan bu qaydalardan dərhal imtina etmək qərarı qəbul edilib.

Alman avtomobil idmanı ittifaqının (DMSB) razılığı alınmadığına baxmayaraq, Audi, BMW və Mercedes 2017-ci il mövsümünün Şpilberq və Hokkenhaymda keçiriləcək son iki mərhələsini, avtomobillərin baza çəkisində, yəni 1125 kiloqram çəkidə keçirməyi planlaşdırır. Mövsümün bitməsinə dörd yarış qalmış 56 xal oynanılacaqdır və on pilot titulu əldə etmək şansına malikdir. Çempionatın lideri Mattias Ekstrem ilə ilk onluğu tamamlayan Pol di Restanı cəmi 39 xal ayırır.

Gerhard Berger, DTM çempionatının sədri: «İclasın iştirakçıları azarkeşlərin çağırışlarına qulaq veriblər.

Çox şadam ki, istehsalçılar bir araya gələrək idmanın marağına cavab verən qərarı qəbul ediblər. Ən yaxın zamanda biz qərarımızı DMSB-yə təqdim edəcəyik. Alman avtomobil idmanı ittifaqının da ITR və istehsalçıların bu təklifinə dəstək verdiyinə görə, biz razılığı tez bir zamanda alacağımızdan əminik».

Gerhard Beger (ITR)

Diter Qass, Audi Motorsport direktoru: «Bu gündən çəki handikapı məsələsinin problem olmadığı üçün çox şadam. Üstünlük yenidən yarışlara verilib. Mövsümün bitməsinə dörd yarış qalır. Pilotlar birinciliyində ilk dördlükdə, heç olmasa hər istehsalçının bir nümayəndəsi vardır. Titul uğrunda mübarizə başa çatmayıb və yarışlar sonuna qədər həyəcanverici olacaqdır».

Yens Markvard, BMW Motorsport direktoru: «Bu gün DTM və onun azarkeşləri, həmçinin avtomobil idmanı üçün yaxşı gündür. Bu gün hər kəs qalibdir. Son həftə ərzində maraqlı tərəflər intensiv şəkildə müzakirələr aparırdılar və nəhayət ki razılıq əldə olunub. Yaxın aylarda DTM çempionatını daha maraqlı etmək üçün tədbirlər planı hazırlamaq fikrindəyik. Yeni platforma daha maraqlı və digər istehsalçılar üçün cəlbedici olacaqdır».

Ulrix Fritz, Mercedes-AMG Motorsport komandasının rəhbəri: «Çəki handikapı probleminin yekdilliklə həll edildiyi üçün çox şadıq. Bu qərar ilə DTM rəhbərliyi  azarkeş və pilotların istəklərini yerinə yetirib. Tezliklə çempion titulu uğrunda gərgin mübarizənin şahidi olacağımızdan əminəm. Yarışların başlanmasını səbirsizliklə gözləyirik. İdman yenidən diqqət mərkəzindədir, çünki çəki handikapı ətrafındakı müzakirələr artıq geridə qalıb».

Soldan sağa: Diter Qass (Audi), Ulrix Fritz (Mercedes-Benz) və Yens Markvardt (BMW)