Məlum olduğu kimi, DTM çempionatı texniki sahədə qalan turinq seriyalarından çox irəlidədirlər. DTM avtomobillər seriya avtomobillərindən çox fərqlidirlər və texniki vəziyyətlərinə görə GT seriyasında avtomobillərinə daha yaxındırlar.
2017-ci ildə seriyanın rəhbərliyinin dəyişməsindən sonra, çempionatda yerəbasma gücünün azaldılmasına istiqamət götürülüb. Bu dəyişikliklər hər kəs tərəfindən müsbət qarşılanıb. Lakin, yeni addımların atılmasının vacib olduğu haqqında təkliflər də gəlməyə başlayıb.
Alman kuzov seriyasının rəhbərliyi bütün bunları nəzərə alaraq, çempionatın texniki reqlamentinə bir neçə dəyişikliklər edib. Bu dəyişikliklər avtomobillərin aerodinamikasına, mühərriklərinə və çəkisinə aiddir. Qeyd etmək gərəkdir ki, yeniliklər çempionatda iştirak edən hər üç istehsalçı tərəfindən təsdiq edilib.
Beləliklə, dəyişikliklər avtomobillərin xarici görkəmində daha aydın görünəcəklər. Artıq BMW 2017 və 2018-ci illərin modelləri arasında fərqi əks etdirən fotoşəkilləri də yayıb. Şəkillərdən qanadcıqların sayının azaldığını və yan tərəfdəki plastinaların azaldığını görmək olar.
DTM nümayəndələri bu addımların yerəbasma gücünü 30% azaldacağını bildirib. Bundan başqa, komandalara mövsüm boyu daha çox mühərrikdən istifadə etmək imkanı verilib. Avtomobilin başlanğıc çəkisi (pilot və yanacaqla birlikdə) 10 kiloqram azaldılaraq 1115 kiloqram olub.