Xəbər verdiyimiz kimi DTM çempionatının iştirakçıları olan Audi, BMW və Mercedes-Benz komandaları İspaniyanın Circuito Monteblanco trekində yarış texnikasının yeni mövsümə hazırlığını yoxlamaq üçün testlərə başlamışdırlar. Testlərin ilk günü hər üç istehsalçının təmsilçiləri iki pilot və iki avtomobillə qatılmışdırlar. Birinci günün nəticələrin görə, testlərin cədvəlinə Audi komandasının isveçli pilotu ikiqat dünya çempionu Mattias Ekstrem başçılıq etmişdir. İkinci nəticəni Mercedes-Benz pilotu Robert Uikkens, üçüncü nəticəni isə BMW komandasının pilotu dünya çempionu Bruno Spenqler göstərmişdir.
İkinci gün Mercedes-Benz komandasının tərkibində dəyişiklik baş vermişdir - Robert Uikkens və Kristian Fitorisi Qəri Paffett və Pol di Resta əvəz etmişdir. Audi və BMW komandalarının tərkibi dəyişilməz qalmışdır.
İkinci test günün ən sürətli pilotu yenə Audi komandasının nümayəndəsi Mattias Ekstrem (1:21,429 dəqiqə) olmuşdur. İsveçli yarışçı eyni zamanda 206 dövrə ilə günün ən çox məsafə qət etmiş pilot olmuşdur. Ümumilikdə Audi pilotları 406 dövrə qət etmişdirlər.
Günün ikinci ən yaxşı vaxtını göstərmiş pilotu BMW komandasının nümayəndəsi dünya çempionu Marko Vittmann olmuşdur. 161 dövrə qət edən alman pilotun göstərdiyi nəticə 1:21,530 dəqiqə olmuşdur. Mattias Ekstremin komanda yoldaşı Ceymi Qrin 1:21,711 dəqiqə nəticə ilə üçüncü olmuşdur.
Dördüncü və beşinci yeri müvafiq olaraq Mercedes-Benz komandasının pilotları Pol di Resta (1:21,836 dəqiqə) və Qəri Paffet (1:22,062 dəqiqə) tutmuşdurlar.
Mercedes-Benz pilotları ümumilikdə 199 dövrə vuraraq 668 kilometr məsafə qət etmişdirlər.
Nəhayət günün ən yavaş pilotu, dünən üçüncü yeri tutmuş BMW komandasının kanadalı pilotu dünya çempionu Bruno Spenqler olmuşdur. Kanadalı trekdə 125 dövrə vuraraq 1:23,448 dəqiqə vaxt göstərmiçdir. Günün ən az məsafə qət edən pilotu Gəri Paffett (54 dövrə) olmuşdur.
Lakin, britaniyalı pilot üçüncü və son gün daha çox işləmək niyyətində olduğunu bildirmişdir.
İki günlük nəticələrə baxsaq çempionatın ən sürətli avtomobilinin Audi RS5 DTM «siluetinin» olduğu nəticəsinə gəlmək olar. Təcrübələr göstərir ki, bu testlərdən nəticələr hasil etmək çox tezdir - hər bir komanda təsdiqlədiyi plana uyğun sınaqları həyata keçirir və nəticə göstərməyə can atmırlar.