Audi Motorsport bölümü, DTM çempionatının növbəti mövsümündə iştirak edəcək komandasının tərkibini açıqlayıb. Keçən il İnqolştat istehsalçısını dünya dözümlülük üzrə çempionatında (WEC) təmsil etmiş Loik Dyuval komandaya daxil edilmişdir. Bir neçə ay bundan öncə Audi bu seriyadan getdiyini elan etmişdi.
Loik Duval Audi komandasının tərkibində 2013-cü ildə “Le Manın 24 saatı” marafonunun və ümumilikdə çempionatın qalibi olmuşdur. Bu il Dyuval Oliver Carvis və Lukas di Qrassi ilə birlikdə WEC çempionatının Spa və Bəhreyn mərhələlərində qalib gəlmişdir. Keçən həftə Dyuval DTM komandalarının Xeresdə təşkil etdiyi testlərdə də iştirak etmişdi. Onun DTM çempionatında çıxış edəcəyi isə bu gün elan edilmişdir.
Dyuvaldan savayı Audi komandasının tərkibinə Rene Rast da daxil olmuşdu. Xatırladaq ki, Rast bu mövsümdə üç yarışda Audi pilotlarını əvəz etmişdir.
Gələn il Dyuval və Rastdan başqa Audi komandasının rənglərini Mattias Ekstrem, Ceymi Qrin, Mayk Rokkenfeller və Niko Müller qoruyacaqlar.
Volfqanq Ulrix (Audi Motorsport): “Mən DTM-də birlikdə keçirdiyimiz mövsümlərə görə Migelə (Molina), Edoardoya (Mortara), Timoya (Şayder) və Ədrienə (Tambe) təşəkkür və gələcək uğurlar arzu etmək istərdim. Biz hər zaman bütov bir komanda kimi çalışmışıq və çox sayda uğurlara imza atmışıq. İnanın ki, bu dördlükdə olan hər bir pilotla vidalaşmaq mənim üçün çox çətindir. Lakin, biz artıq qış fasiləsindən maksimum istifadə edərək yeni pilotlarla birlikdə növbəti mövsümə hazılaşmalıyıq”.