Hockenheimring trassasında baş tutmuş DTM çempionatının mövsümöncəsi testlərinin sonuncü günü Audi pilotu Mayk Rokkenfeller günün ən yaxşi nəticəsini göstərmudiişdir. Audi komandasının alman pilotu 1:33,197 dəqiqə vaxt göstərərək komanda yoldaşları Edoardo Mortara və Mattias Ekstremi üstələmişdir. Rokkenfeller ən yaxşı vaxtı səhər sessiyasında göstərməyə müvəffəq olmuşdur. Robert Uikens Mercedes-Benz komandasının pilotları arasında ən sürətli pilot olmuşdur. Lakin, göstərilmiş 1:33,458 dəqiqə onun yalnız dördüncü yerdə qərarlaşmasına kömək etmişdir.
Digər bir Audi pilotu Ceymi Qrin beşinci nəticəni göstərərək BMW pilotu Antonio Feliks da Koştanı 0,044 saniyə üstələyə bilmişdir. Da Koşta isə öz növbəsində üçüncü günün ən sürətli pilotu olmuş komanda yoldaşı Tom Blomkvisti geridə qoymuşdur. Pol di Resta (Mercedes-Benz) 1:33,515 dəqiqə ilə səkkizinci olmuşdur.
Şotlandiyalı pilotdan sonra doqquzuncu yeri birinci günün ən yaxşı vaxtını göstərmiş Auqusto Farfus (BMW) tutmuşdur.
Birinci onluğu tamamlayan pilot Audi komandasının alman pilotu Timo Şayder olmuşdur. Sonrakı yerləri Timo Qlok (BMW), Qəri Paffett, Daniel Xundandeliya, Kristian Fitoris (hər üçü - Mercedes-Benz) tutmuşdurlar. Sonuncu 15-ci yeri isə, BMW komandasının kanadalı pilotu Bruno Spenqler tutmuşdur.
Beləliklə, dördgünlük testlərin nəticələrini təhlil etsək görərik ki, yeni mövsümün ilk mərhələlərində qələbə uğrunda mübarizə BMW M4 DTM və Audi RS5 DTM avtomobillərində çıxış edən pilotlar arasında gedəcəkdir.
Digər tərəfdən Mercedes-AMG C63 DTM avtomobilində çıxış edən pilotların çempionata autsayder olaraq başlayacağını ehtimal etmək olar. Yeni mövsümün ilk yarışı 6-8 may tarixlərində elə burada Hockenheimring trekində keçiriləcəkdir.