Moscow Raceway avtodromunda keçiriləcək ilk yarışın start düzülüşünü müəyyən edən təsnifat mərhələsində poul-pozişnı qüvvədə olan dünya çempionu Marko Vittmann (BMW) əldə edib. Buna baxmayaraq, Norisrinqdə aldığı cəza səbəbi ilə beş yer itirəcəkdir.
Təsnifat mərhələsinin başlağıcında möhtəşəm zamana imza atan dünya çempionunun nəticəsini üstələyən pilot tapılmamışdır.
Audi komandasının 1.27.035 zamanını üstələmək cəhdləri nəticəsiz qalmışdır. İkinci sərbəst yürüşlərin lideri olan Rene Rast liderdən 0,120 saniyə geridə qalaraq ikinci olub. Beləliklə, bu günki yarışı ilk sıradan Rast və Rokenfeller başlayacaqdırlar. İkinci sıradan start almaq hüququnu Auqusto Farfus və Timo Qlok (hər ikisi BMW) əldə ediblər.
Üçüncü sıradan yarışı Mattias Ekstrem (Audi) və Marko Vittmann başlayacaqdırlar.
Ceymi Qrin (Audi) və Tom Blomkvist (BMW) onların ardınca dördüncü sıradan start alacaqlar. Nəhayət, beşinci sırada Qəri Paffett (Mercedes-Benz) və Loik Dyüvalın (Audi) beş yer cəza alması ilə bir pillə yüksələn Bruno Spengler qərarlaşıblar.
Sıralamadan da göründüyü kimi, bu gün keçiriləcək yarışda, peleton boyu Audi və BMW pilotlarının mübarizəsini seyr etməli olacağıq. İstənilən halda Rusiyadakı avtodromda bizləri maraqlı yarış gözləyir. Bizi izləməyə davam edin.

