Mercedes-AMG komandasının pilotu Pol di Resta yeni nəsil DTM avtomobilləri sələflərindən yeyin olduğu qənaətindədir. Bildiyimiz kimi, bu mövsümdən yeni texniki reqlament qüvvəyə minmişdir.

Bu reqlament Yaponiyada keçirilən Super GT seriyası ilə birlikdə hazırlanmışdır. Hava qəbul etmə və soyutma sistemlərində edilmiş dəyişikliklər sayəsində DTM-də istifadə edilən səkkiz silindrli mühərriklərin gücü 500 at qüvvəsini keçmişdir.  Eyni zamanda, belə ciddi güc artımı yerəbasma gücünün azaldılması ilə kompensasiya edilmişdir. Həmçinin daha yumşaq tərkibli şinlər də tətbiq edilmişdir. Hokkenhaymda keçirilmiş mövsümöncəsi testlər zamanı Timo Qlok dövrəni 1.30,201 nəticə ilə başa vuraraq, keçən ilin poulunun vaxtını və yarışdakı dörd ən sürətli dövrəni iki saniyə üstələmişdir. 

«Yeni avtomobillərin sürəti mənim üçün böyük sürpriz oldu. Yerbasma gücünü azaltmış, mühərriklərin gücünü və zəmin ilə təmas səviyyəsini artırmış yeni tələblər sayəsində dövrəni qət etmə vaxtı daha da yaxşılaşmışdır, - Pol di Resta davam etmişdir. - Bu avtomobili idarə etməkdən böyük həzz alırsan, lakin şinlərin vəziyyətinə nəzarət etmək bir qədər çətinləşmişdir».

Hokkenhaymda keçirilən testlərdə şotland pilot Timo Qlokdan (BMW M4 DTM) 0,037 saniyə geridə qalmışdır. Onun komanda yoldaşları Paffett, Auer və Uikkenz də ilk altılığa daxil olmağı bacarmışdırlar.

«Bu testlər bizim üçün çox məhsuldar testlər olmuşdur, - 2010-cu ilin çempionu bildirmişdir.  - Biz çox sayda məlumatları əldə etmişik və gələcəyə inamla baxa bilərik. Doğrudur, hər şey dəyişə bilər, lakin biz çox yaxşı hazırlaşmışıq. Titul uğrunda mübarizə aparan namizədlərin arasında olamağa ümid edirəm».