BMW şirkəti DTM çempionatının təhlükəsizlik avtomobili olacaq BMW M4 GTS DTM Safety Car kupesini rəsmi olaraq təqdim etmişdir. Su çiləmə sisteminə malik olan 3,0-litrlik altısilindirli TwinPower Turbo mühərriki ilə təchiz edilmiş avtomobil əvvəlki BMW M4 kupesini əvəz edəcəkdir. BMW M4 GTS DTM Safety Car demək olar ki, ümumi yollar üçün nəzərdə tutulmuş BMW M4 GTS modeli ilə bənzərlik daşısa da, orijinal idman «livreyası», işıq diodlarından hazırlanmış fənərlər və sayrışan «çilçırağı» əldə etmişdir.
Bundan başqa, avtomobil, ön splitter, arxa aerodinamik antiqanad, narıncı işləmələri olan 19 və 20-düymlük təkər diskləri və Michelin Pilot Sport Cup 2 təkərləri ilə təchiz edilir. Xatırladaq ki, BMW M4 GTS modelinin standart təchizatına borulardan hazırlanmış təhlükəsizlik karkası və yanğınsöndürmə sistemi daxildir. DTM çempionatında xidmət göstərəcək avtomobil, yarışın rəhbərliyi ilə əlaqə saxlamaq üçün xüsusi radiocihazla təmin edilmişdir.
BMW M4 GTS DTM Safety Car kupesi 500 at qüvvəsi olan su çiləmə sistemi olan 3,0-litrlik altısilindirli TwinPower Turbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı, yeddi pilləli təkmilləşdirilmiş M Double Clutch transmissiyası ilə birlikdə, avtomobili 100 km/saat sürətinə 3,8 saniyəyə sürətləndirir.