Dubayın polis təşkilatının qarajı istənilən avtomobil kolleksiyaçısını dilxor edə bilər. Əmirliyin polis departamenti artıq bir neçə ildir ki, öz qarajında ən “bərkgedən” superkarları toplamaqla məşğuldur. Yerli polis əməkdaşlarını Bugatti Veyron, Porsche 918 Spyder, Lamborghini Aventador, Aston Martin One-77 kimi superkarların sükanı arxasında görmək olar.
Dubayda elektromobillərə də xüsusi diqqət yetirirlər. Bu səbəbdən də polis departamentinin qarajında Tesla Cybertruck modelinin peyda olması zamana bağlıdır. Lakin, yerli polis departamenti hadisələri qabaqlayaraq firma livreyasına malik olan elektrik pikapının şəklini dərc edib. Departament Cybertruck pikapının turistik zonalarda patrul xidməti aparacağını da bildirib.
Dubay polisi pikapın 2020-ci ildə xidmətə başlayacağını qeyd edib. Məlumdur ki, Tesla Cybertruck modelinin istehsalına 2021-ci ildə başlanacaqdır. Böyük ehtimalla, Dubay polis departamentinin sifariş etmək istədiyi üçmühərrikli pikapın istehsalı isə 2022-ci ildə başlamalıdır. Əlbəttə ki, pul olan yerdə hər şey mümkündür...