2022-ci ilin yayında unikal Bentley Mulliner Bacalar açıq idman avtomobilinin buraxılması ilə eksklüziv kuzovlu modellərin istehsalı ənənəsini canlandıran Britaniya istehsalçısı yeni şah əsərini - Bentley Mulliner Batur kupesini təqdim etmişdi. Artıq məlum olduğu kimi, brendin ən güclü seriya avtomobili 18 nüsxəlik tirajla buraxılacaq. Bu gün isə, dəbdəbəli avtomobillər istehsalçısı Bentley Mulliner Batur üçün çox qeyri-adi “opsiyanı” – Ducati Diavel for Bentley baykını anons edib.
Motosikl üzərində həm Mulliner mütəxəssisləri, həm də Centro Stile Ducati departamentinin dizaynerləri çalışıblar. 168 at qüvvəli Ducati Diavel for Bentley baykının ilham mənbəyi kimi Batur kupesi çıxış edib. Baykın boyanması üçün Mulliner palitrasından götürülmüş zümrüd yaşılı - Scarab Green rəngindən istifadə edilib, standart disklər isə, bu versiya üçün xüsusi olaraq hazırlanmış Dark Titanium Satin rəngli təkər disklərilə əvəzləniblər. Qırmızı altlıqlı qara alkantara ilə üzlənmiş və Bentley loqosu ilə bəzədilmiş oturacağın ilham mənbəyi Batur kupesinin salonudur.
Buraxılış sisteminin qoruyucu örtüyü olan ikiqat çıxış borusunu motosikletin xətləri ilə uyğunlaşması üçün yenidən işləyiblər. Yan hava girişləri Batur modelinin ikirəngli radiator barmaqlığını, ön qanad, hava yönləndiricisi və yanacaq çəni isə, yuxarıdan baxdıqda kapotdakı çıxıntıları xatırlatmalıdır. Arxa hava yönləndiricisi isə, ingilis sportkarının arxa hissəsinə bənzəyəcək şəkildə tərtib olunub. Motosikletin xarici hissələrinin əksəriyyəti karbon lifindən hazırlanır.
Modelin adı və seriya nömrəsi motosikletin sağ tərəfindəki karbon lövhəcikdə həkk edilib. Hər bir Diavel for Bentley eksklüziv, fərdi taxta qutuda çatdırılacaq. Cəmi 500 motosikl buraxılmalıdır, üstəlik, Bentley Mulliner üçün əlavə 50 ədəd Ducati Diavel for Bentley Mulliner baykının istehsalı nəzərdə tutulub. Onları yalnız Mulliner atelyesinin müştəriləri ala biləcəklər. Bu versiyanın alıcıları motosikletin oturacağı, ön əyləc supportları və dayağı, habelə karbondan təkər diskləri üçün müxtəlif rəngləri seçə biləcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.