28 mart tarixində bağlanacaq RM Sotheby’s onlayn hərracında 194 nüsxə ilə buraxılmış Porsche 911 GT2 993 seriyalı sportkarlardan biri (911 GT adı ilə satılır) satılacaqdır. İlkin hesablamalara görə, 1996-cı ilin buraxılışı və odometrində 30,113 kilometr göstəricisi olan bu avtomobil 950.000-1.100.000 dollara arasında qiymətə satıla bilər.
Ümumi yollar üçün nəzərdə tutulmuş Porsche 911 GT2 sportkarını 911 Turbo (993) yarış avtomobilinin homologlasiyası üçün buraxıblar. Ekstremal kupeni vinqletləri olan ön spoyler, şüşəplastikdən hazırlanmış təkər tağlarının genişləndiriciləri, həmçinin iki səthi və interkulerləri soyutmaq üçün quraşdırılmış hava kanalları olan iri antiqanad sayəsində tanımaq olar. Avtomobillər alüminiumdan halqası və maqnezium ərintisindən mərkəzi hissəsi olan 18-düymlük Speedline for Porsche təkər diskləri, həmçinin karbon-saxsı əyləc mexanizmləri ilə təchiz edilirdilər.
Porsche 993 GT2 sportkarı o qədər güclü olub ki, sürücülər idarəetməni itirərək yoldan çıxırmışlar. Bu səbəbdən də, avtomobil xoşagəlməz widowmaker («dul qadın təchizatçısı») ləqəbini alıb.
Porsche 911 GT2 modeli 430 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 3.6-litrlik iki turbokompressorlu «oppozit» ilə təchiz edilib (1998-ci ildə mühərrikin gücü 450 at qüvvəsinə qədər artırılıb). Mühərrikin gücü arxa oxa transaxle sxemi ilə quraşdırılmış altı pilləli mexanika transmissiya və yüksək sürtünməli asimmetrik differensial vasitəsi ilə ötürülür. Sıfırdan 60 mil/saat (97 km/saat) həddinə idman kupesi dörd saniyədən az vaxta sürətlənir və 296 km/saat maksimal sürət həddinə malikdir.
Porsche 911 GT2 modelinin salonu arxa oturacaqlar, ön oturacaqların elektriklə tənzimlənməsi və digərləri istisna olmaqla, daha çox «mülki» Carrera RS modelinə bənzəyir. Bütün bu dəyişikliklər nəticəsində, GT2 sportkarı 911 Turbo modelindən 227 kiloqram yüngül alınıb. Satışda olan idman avtomobili kondisioner, elektrik şüşəqaldıranlar ilə təchiz olunmuş və Polar Silver rəngə boyanmışdır. Avtomobil modifikasiya olunmayıb və buna görə də, orijinal zavod spesifikasiyasına tam uyğundur.