Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirildiyinə görə, dünya musiqisinin ən məşhur ulduzlarından sayılan Kris Braun, Enrike İqlesias və Farel Uilyams 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaqdırlar. İyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək.
Belə ki, cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcəkdir. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcəkdir.
Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşqulu konsert proqramı ilə səhnədə yer alacaqdır. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcəkdir. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaqdır.












