M-Sport komandası dünya ralli çempionatının (WRC) növbəti mövsümündə çıxış edəcək Ford Fiesta yarış avtomobilini təqdim etmişdir. Yeni avtomobil dəyişmiş texniki reqlamentinin tələblərinə uyğun hazırlanmışdır. Bu səbəbdən də avtomobilin konstruksiyasının 95 faizi “sıfırdan” yaradılmışdır.

Ralli avtomobili iri antiqanadı, genişləndirilmiş təkər tağları və böyüdülmüş splitterləri olan yeni aerodinamik kuzov dəstini əldə etmişdir. Yeni reqlamentə uyğun olaraq avtomobilin eni 55 millimetr artaraq 1875 millimetrə bərabər olmuşdur.  Yarış avtomobilinin minimal uzunluğu 3900 millimetr təşkil edir. Eyni zamanda, komandalar aerodinamik dəstin hazırlanmasında daha çox sərbəstlik əldə etmişdirlər. Hetçbek  1,6-litrlik birbaşa çiləməli EcoBoost  turbomühərriki ilə təchiz edilir. Yeni mühərrikin gücü 300 at qüvvəsindən 380 qədər artırılmışdır.

Güc aqreqatının fırlanma anı isə 450 Nm-ə çatmışdır. Mühərrik tam yeni altı pilləli sekvental ötürmələr qutusu ilə birgə çalışır. 

Bundan əlavə, Fiesta modelinin McPherson dayaqları təkmilləşdirilmiş və təhlükəsizliyi gücləndirilmişdir. Bundan başqa, bütün ralli avtomobilləri növbəti mövsümdən aktiv mərkəzi differensialla təchiz ediləcəkdirlər. M-Sport komandası gələn mövsümdə iştirak edəcək pilotlarının siyahısını elan etməmişdir. Məlumdur ki, yeni Fiesta’nın sınaqlarında Ott Tanyak və dördqat dünya çempionu Sebastyen Ojye iştirak etmişdirlər.

Komandanın yarışlara Erik Kamilli ilə davam edəcəyi istisna deyil, lakin Mads Ostberqin komandada qalacağı məlum deyildir.