Mecum hərrac evi tərəfindən təşkil edilmiş hərracda unikal Shelby GT500 Super Snake kupesi satılıb. 1967-ci ildə yeganə nüsxədə istehsal edilmiş avtomobil 2,2 milyon dollara satılıb. Beləliklə, Shelby GT500 ikinci dəfədir ki, hərraca çıxarılmış ən qiymətli və bahalı Mustang modeli olub.
Satılmış avtomobil Shelby GT500 Super Snake modelinin yeganə mövcud olan nüsxəsidir. İlkin olaraq 50 belə kupe buraxmaq nəzərdə tutulsa da, Ford şirkəti Super Snake variantının adi GT500 modelindən iki dəfə baha olduğunu müəyyənləşdirəndən sonra layihəyə son verib. Yeganə nüsxədə istehsal edilən Shelby GT500 Super Snake modelini 1967-ci ildə beş min dollara satıblar.
Maslkar 500 at qüvvəsi hasil edən 7,0-litrlik səkkiz silindrli mühərriklə təchiz edilib. Bu aqreqat “Le Manın 24 saatı” marafonunda 1966-1969-cu illərdə dörd dəfə ardıcıl olaraq qalib gəlmiş Ford GT40 MKII yarış sportprototipində quraşdırılırdı. Bu mühərriklə təchiz edilmiş kupe sınaqlar zamanı 273 km/saat həddinə qədər sürətlənib.
Hərraca çıxarılan avtomobilin odometrində 500 mil (800 kilometr) yürüş göstəricisi var. Kupenin orijinal Goodyear Thunderbolt təkərlərinin protektorunun 97 faizi qorunub-saxlanılıbdır. 2013-cü ildə Shelby GT500 Super Snake hərraca çıxarılıb. O zaman, avtomobil 1,3 milyon dollara satılıbmış.