Bu günki söhbətimiz dünyanın ən qeyri-adi və ən bahalı hərbi təyyarəsi olan Northrop B-2 Spirit bombardmançısı haqqında olacaqdır. Bu təyyarə, sanki Hollivudun çəkdiyi fantastik filmlərdən gəlmiş bir hava gəmisidir. Qeyri-adi görünüşünə baxmayaraq, B-2 Spirit dünyada mövcud olan ən dəhşətli silahlardan biridir, çünki o, şəhərlərə və düşmənin hərbi hədəflərinə nüvə zərbələri endirmək üçün yaradılıb.

Bu təyyarə Soyuq Müharibənin sonunda səmaya qalxmış və düşmənin eşelonlandırılmış hava hücumundan müdafiə sistemini yarmaq üçün hazırlanmışdı. Bombardımançının qeyri-adi görünüşü isə, onu düşmən radarları üçün maksimal dərəcədə görünməz qalmasını təmin edirdi. Lakin, bir neçə ildən sonra bu təyyarənin mübarizə aparmalı olduğu düşmən yoxa çıxdı və B-2 Spirit bahalı qərib vasitəyə çevrildi. Bu təyyarə, amerikalı vergi ödəyicilərinə ABŞ-ın düşmənlərindən daha çox ziyan vurubdur.

Tarixi 

Müasir strateji bombardmançılarına örnək kimi İkinci Dünya Müharibəsinin uzun mənzilli bombardmançılarını misal gətirmək olar. Amerikalılar və britaniyalılar Almaniyanın sənaye potensialını məhv etmək və alman şəhərlərini alovlanan xarabalığa çevirmək üçün kütləvi və çox effektiv şəkildə ağır təyyarələrdən (B-17, B-24, Lancaster və B-29) istifadə edirdilər.

Strateji aviasiya nüvə dövrünün başlamasından sonra yeni nəfəs aldı. Uzaq mənzilli bombardmançılar strateji silahlara çevrildi və nüvə üçlüyünün elementlərindən birinə çevrildi. Sovet və amerikan "strateqləri" daim növbədə idilər. Armageddonun başladığı təqdirdə, onlar nüvə silahlarını düşmən ərazilərinə daşımalı və ordakı hədəflərə zərbələr endirməli idilər.

Soyuq müharibənin ən geniş yayılmış strateji bombardmançıları sovet Tu-95 və amerikan B-52 Stratofortress təyyarələri idi. Strateji bombardmançıların inkişafı iki istiqamətdə gedirdi: sürətin artırılması və radarlarda görünmə səviyyəsinin azalması. Tu-160 və B-1 bombardımançılarının yaradıcıları birinci yolu seçdilər, Northrop B-2 Spirit isə ikinci konsepsiyanın mücəssəməsi oldu.

Yaradılışı

B-2 Spirit bombardımançısının yaradılmasına Soyuq Müharibənin ən qızğın çağında, 1979-cu ildə başlanıldı. Aşağı radara görünmə qabiliyyətinə malik olan bombardmançıların yaradılması proqramı Advanced Technology Bomber (ATB) adlanırdı. Bu proqramda Amerikanın aerokosmik sənayesinin nəhəngləri iştirak edirdi: Northrop Grumman, Boeing, Lockheed, Rockwell. Müsabiqənin qalibi Northrop və Boeing tandemi oldu. Onların üzərində işlədikləri təyyarə layihəsinin adı B-2 Spirit təyin edildi.

Yeni bombardmançı "uçan qanad" sxeminə əsasən yaradılmışdı və görünüşü Amerikanın "strateqləri" olan B-1 və B-52 təyyarələrindən ciddi fərqlənirdi. Qeyd etmək gərəkdir ki, belə sxemə malik olan təyyarələrin yaradılmasına Northrop Corporation tərəfindən illər əvvəl başlanılmışdı.

Şirkətin qurucusu Cek Nortrop mükəmməl bir aviakonstruktor idi. O, keçən əsrin 20-ci illərində "uçan qanad" sxeminə malik olan təyyarələrin əldə edəcəyi üstünlüklər barədə düşündü. Bu sxemə əsasən qurulan aparatlar, adi təyyarələrlə müqayisədə daha yüksək uçuş xüsusiyyətlərinə malikdir. Füzelyajı və arxa dayağı olmayan quruluş, təyyarənin yükgötürmə qabiliyyətini, uçuş sürətini və məsafəsini artırmağa imkan verir.

Nortrop öz planlarının həyata keçirilməsinə 20 il sonra başlaya bildi: 40-cı illərin əvvəllərində Amerika hərbçiləri qitələrarası uçuş məsafəsinə malik olan bombardmançıların yaradılmasında maraqlı olduqlarını bildirdilər. İlk "uçan qanad" 1946-cı ildə səmaya qalxdı. Ancaq tezliklə məlum oldu ki, həmin illərdəki texniki inkişaf səviyyəsi, bu təyyarənin istismarına başlanıldıqdan sonra yaranan bir çox problemi həll etmək üçün yetərli deyildi. 1948-ci ildə eksperimental təyyarə qəzaya uğradı və bundan sonra proqram bağlandı.

"Görünməzlik" anlayışı

Qırx ildən sonra aviakonstruktolar yenidən “uçan qanad” ideyasına qayıtdılar. 1981-ci ildə dünyasını dəyişmiş Cek Nortrop öz ideyasının metalda təcəssümünü görmə bilmədi. "Uçan qanad" sxemi sayəsində əldə edilən açıq aerodinamik üstünlüklər ilə yanaşı, belə bir quruluş başqa bir böyük üstünlüyə malik idi: radarlar üçün görünməz olması. Amerikalı pilotlar, Vyetnamın "raket cəngəlliklərində" uçarkən əsl şok yaşamışdılar. Yaşanan şokun nəticəsi isə, 1965-ci ildə başlanan Stealth proqramı oldu.

Proqramın əsas məqsədi təyyarə və helikopterlərin radara görünmə səviyyəsini azaltmaq idi. Çalışmalar iki istiqamətdə gedirdi: radar siqnallarını minimum şəkildə əks etdirən planer konstruksiyasının axtarışı və radiodalğaları udan xüsusi materiallardan istifadə. Tezliklə aydın oldu ki, radara görünmə səviyyəsini azaltmaq üçün təyyarədə səthdən kənara çıxan hissələr olmamalı, füzelyaj qanadlar ilə rəvan şəkildə birləşməli və kildən isə ümumiyyətlə imtina etmək gərək idi. "Uçan qanad" sxemi əsasında hazırlanmış təyyarə bu tələblərə mükəmməl şəkildə uyğun gəlirdi.

B-2 Spirit "stels" təyyarələrinin üçüncü nəslinə aiddir. Birinci nəslin nümayəndəsi SR-71, ikincinin isə F-117 bombardımançısıdır. Bu bombardmançını tamamilə görünməz adlandırmaq olmaz, lakin effektiv səpələnmə sahəsinin (EPR) əhəmiyyətli dərəcədə azalması bu təyyarəni görünməz hala gətirir və vurulma şansını əhəmiyyətli dərəcədə azaldır.

B-2 Spirit təyyarəsinin şaquli dayğı yoxdur. Planer yuvarlaq formaya malikdir və səthdən kənara çıxan hissələri yoxdur: mühərriklər, silahlar, yanacaq çənləri - bunların hamısı gövdənin içərisində yerləşir. Təyyarənin konstruksiyasında kompozit materiallardan geniş istifadə olunub, gövdə isə RAM qısaltması ilə işarələnən xüsusi bir tərkib ilə örtülmüşdür. Bir neçə növ karbonplastikdən ibarət olan bu örtük, radiodalğaların yüksək udulma səviyyəsinə malikdir. Kokpit fənəri nazik qızıl təbəqə ilə örtülmüşdür ki, bu da radar siqnallarının səpələnməsinə kömək edir və uçuş heyətini nüvə partlayışı zamanı yaranan işıq şüalanmasından qoruyur.

B-2 Spirit bombardmançısının EPR-nin dəqiq göstəricisi sirrdir, lakin onun 0.0014 m² - 0.1 m² arasında olduğu güman edilir. Bundan əlavə, konstruktorlar təyyarənin termal diapazonda da görünmə səviyyəsini azaltmağa çalışıblar: mühərriklərinin reaktiv şırnağı da ekranlaşdırılır.

Qiymət vs səmərəlilik

Təyyarənin yaradılması on il davam edib və ABŞ-ın vergi ödəyicilərinə 22 milyard dollara başa gəlib. Üstəlik, bir milyard da təyyarənin təkmilləşdirilməsinə xərclənib. B-2 Spirit bombardmançısı ictimaiyyətə 1988-ci ildə təqdim olunub və bir il sonra onun ilk uçuşu reallaşıb.

Northrop B-2 Spirit aviasiya tarixdə bu günə qədər inşa edilmiş ən bahalı təyyarədir. Onun yaradılmasına xərclənən vəsaiti nəzərə alsaq, bir təyyarənin dəyəri 2,1 milyard dollar təşkil edir. Onun saxlanması xərcləri də çox yüksəkdir.

Bu təyyarə Sovet İttifaqı ilə nüvə müharibəsi aparmaq üçün yaradılmışdır. Bu gün Soyuq Müharibə adlandırdığımız iki nüvə fövqəldövləti arasındakı qarşıdurma hərbi ehtiyaclara çəkilən bütün xərclərə haqq qazandırırdı. Lakin, hətta bu tarixi dövr üçün belə, B-2 təyyarəsinin dəyəri açığı həddən ziyadə çox görünür. Bəs niyə belə olub?

Məsələ ondadır ki, bu super bahalı təyyarəni hazırlayarkən amerikalılar pula qənaət etməyi düşünürdülər. Bunda heç bir paradoks yoxdur.

Amerikan strateqlərinin hesablamalarına görə, sovet hava müdafiəsini yarmaq üçün bombardmançılardan başqa, güclü qırıcı müşayiəti (onlarla təyyarə), saxta maneələr yaradan bir neçə təyyarə (EF-111 Raven tipli) və hava hücumundan müdafiə sistemlərini məhv etmək iqtidarında olan F-4G təyyarələri lazım idi. Bu hava qrupu 10-dan çox tanker təyyarəsi ilə müşayiət olunmalı idi.

Eyni gücdə zərbəni iki tanker təyyarəsinin dəstəyi ilə səkkiz ədəd görünməz F-117 təyyarəsi ilə də endirmək olardı.

Amerikalılar 50-60 təyyarənin yerinə yetirməli olduğu məsələni yalnız iki B-2 Spirit ilə həll etməyə ümid edirdilər. Qənaət, necə deyərlər, göz önündədir.

Bundan əlavə, ABŞ hərbi-sənaye kompleksinin nümayəndələri xalqa tamamilə görünməz və toxunulmaz təyyarə yaratmağın mümkünlüyü barədə çox şeylər söyləmişdilər - ancaq, prinsipcə bu mümkün deyil.

Təyyarələri görünməməzliklə təmin etmək çox bahadır və müvəffəqiyyətə isə tam zəmanət vermir. Çox vaxt, təyyarənin daha aşağı görünmə səviyyəsini əldə etmək üçün, konstruktorlar onun uçuş xarakteristikalarını qurban verməli olurlar. Bu yolun sonu varmı? Mütəxəssislər bu məsələdə fikir tam razılığa gələ bilmirlər.

SSRİ-nin dağılmasından sonra, ABŞ, B-2 bombrdımançısını ona qarşı tətbiq etməyi düşündüyü yeganə layiqli rəqibini itirmiş oldu. Bu inanılmaz dərəcədə bahalı və saxlanılması mürəkkəb olan təyyarəni adi münaqişələrdə tətbiq etməyin heç bir mənası yoxdur. Üçüncü dünya ölkələrindəki hədəfləri vurmaq üçün, B-52 Stratofortress bombardımançısı və ya sadəcə F-16 qırıcısı kifayətdir.

B-2 Spirit təyyarəsinin saxlanması ilə bağlı bir neçə kəlmə demək lazımdır. Bu təyyarəyə texniki xidmət göstərilməsinin dəyəri həqiqətən yüksəkdir və çəkilən xərclər digər amerikan strateji bombardımançılarına (B-1 və B-52) xidmət etmək üçün sərf edilən vəsaitləri xeylaq üstələyirlər.

B-2 Spirit təyyarəsinin davamlı mikroiqlimi olan xüsusi anqara ehtiyacı var. O, günəşin ultrabənövşəyi şüalarından qorxur, çünki bu şüalar təyyarənin gövdəsinin radio dalğaları udan örtüyünə zərər verir. Dünyada bu təyyarəyə lazımi qaydada qulluq edə biləcək bir neçə hərbi hava bazası mövcuddur.

Bu günə ABŞ HHQ-də 19 ədəd B-2 Spirit təyyarəsi xidmət edir. Bu təyyarələrin hər biri, ilk təyyarə istisna olmaqla, ABŞ-ın bir ştatının şərəfinə adlandırılıb. Məsələn, Spirit of Arizona, Spirit of New York, Spirit of Texas, Spirit of Ohio və sairə. İlk B-2 təyyarəsi isə Spirit of America adlanır.

Konstruksiyanın təsviri

B-2 Spirit təyyarəsi "uçan qanad" sxeminə əsaslanır, şaquli dayağı malik deyil. Təyyarə əsasən titan və alüminium ərintilərindən hazırlanmışdır. Eyni zamanda, istiliyə yüksək davamlılığı olan karbonplastikdən də geniş şəkildə istifadə edilib.

İstiqamət sükanları funksiyasını qanadın uclarında quraşdırılmış parçalama lövhələri yerinə yetirir. Qanadın arxa tərəfində yerləşən üç hissədən ibarət olan eleronlar, həmçinin mərkəzdəki açılan səth ("qunduz quyruğu") vardır.

Maşın üçdayaqlı şassi ilə təchiz olunmuşdur: arxa dayaqlarda dörd təkərli, öndə isə iki təkərli arabacıq quraşdırılıb. Heyət iki nəfərdən ibarətdir. Kokpitə giriş şassinin ön dayağının yerləşdiyi bölmədəndir.

B-2, korpusun mərkəzi hissəsinin kənarları boyunca yerləşdirilən dörd forsajsız mühərrik ilə təchiz edilmişdir. Hər bir mühərrik cütlüyü mişarşəkilli ön ucluğu və əyri kanalı olan ümumi hava girişinə malikdir. Bu kanal mühərrikin şüalanmasının qarşısını alır. Radara görünmə səviyyəsini azaltmaq üçün mühərrik çıxışlarına yastı forma verilib.

Təyyarə, işlənmiş qazaları soyudan və infraqırmızı diapazonda görünməni azaldan xüsusi sistemlə təchiz edilmişdir.

B-2 Spirit ən qabaqcıl avionika ilə təchiz edilmişdir. Naviqasiya sistemi astroinersial vahid ilə əlaqəli inersial blokdan ibarətdir. Peyk naviqasiyası və kəşfiyyat peykləri ilə əlaqə qurmaq imkanı da vardır. İki çoxfunksiyalı AN/APQ-118 radarları təyyarəyə ərazinin relyefini nəzərə alaraq aşağı hündürlükdə uçmağa yardım edir, xəritələnmə rejimində işləyə və yer səthinin eni 240 kilometr olan zolağını skan edə bilər. Təyyarədə həmçinin yüksək dəqiqlikli döyüş sursatlarından istifadə etməyə imkan verən ZSR-62 kompleksi və hədəf təyinetmə vasitələri mövcuddur. 2010-cu ildə modernləşdirmə zamanı bombardmançı aktiv mərhələli qəfəsi olan yeni radarlarla təchiz edilib.

Silahlar gövdənin mərkəzi hissəsindəki iki bölmədə yerləşdilir. Təkmilləşdirmədən sonra təyyarənin bomba yükü 27 tona çatıb. B-2 nüvə bombasını, nüvə başlığı olan raketləri, habelə adi döyüş sursatlarını, o cümlədən qanadlı raketləri daşıya bilər.

Döyüş tətbiqi

B-2 Spirit təyyarəsinin ilk döyüş tətbiqi 1999-cu ildə Yuqoslaviyadakı müharibə zamanı baş tutub. Bombardımançılar 600-ə yaxın yüksək dəqiqlikli bomba atıblar. Hücumlarda iştirak etmək üçün təyyarələr ABŞ-dakı bazalarından qalxaraq Kosovoya qədər fasiləsiz uçuş edib, döyüş tapşırığını yerinə yetirdikdən sonra geri dönüblər.

B-2 Spirit Əfqanıstandakı hədəflərə zərbələr endirib, İraqda bər iki münaqişədə və Liviyadakı əməliyyatlarda iştirak edib. Bütün bu qarşıdurmalarda bombardmançılardan heç biri vurulmayıb.

Texniki xarakteristikalar

Aşağıda təyyarənin uçuş-texniki xüsusiyyətləri sadlabıb.

  • Modifikasiya: B-2
  • Qanadların genişliyi: 52.40 m
  • Təyyarənin uzunluğu: 20.90 m
  • Təyyarənin hündürlüyü: 5.45 m
  • Apar;c; səthinin sahəsi: 464.50 m2
  • Çəki, kq
  • boş təyyarə: 56700
  • normal qalx;ş: 168435
  • ən yüksək uçuş çəkisi: 181 500
  • yanacaq (normal): 73.000
  • yanacaq (maksimum): 81650
  • Mühərrikin növü: 4 turbofreaktv, General Electric F118-GE-100
  • Dartma qüvvəsi; 4 x 8600 kgf
  • Maksimum sürət, km/saat
  • yüksəklikdə: 1010
  • yerin yaxınlığında: 880
  • Kreyser sürəti: 850
  • Praktiki mənzili, km
  • yanacaq doldurmadan: 11100
  • bir yanacaqdoldurma ilə: 18500
  • Döyüş radiusu: 5560 km
  • Praktiki tavan: 12500 m
  • Heyət: 2-3 nəfər