Antonov şirkətinin nəhəng 6 motorlu AN-225 Mriya təyyarəsi uzun müddətdir davam edən müasirləşdirmə işlərindən və texniki yenilənmələrindən sonra ilk səfərini edib. Təyyarə Çindən Polşanın paytaxtına 1000 kub metr həcmində mal gətirib. AN-225 koronavirusla mübarizə üçün tibbi avadanlıq daşınması üçün Britaniyanın Chapman Freeborn şirkəti tərəfindən kirayələnib.
Antonov-dan verilən məlumata görə, Mriya Çindən 100 ton çəkidə dərman, tibbi maska, test vasitələri ilə havaya qalxıb, Almatı aeroportuna yanacaq bərpası üçün enib və oradan Varşavaya gəlib. Mriya-nın karqo həcmi 1200 kub metrdir. Yəni, təyyarə Çindən demək olar ki, dolu vəziyyətdə gəlib. Antonov eyni zamanda iddia edir ki, təyyarənin Şopen hava limanına enməzdən əvvəl təxminən 200 metr hündürlükdən keçidinə 80000 adam tamaşa edib.
Təyyarənin son müasirləşdirmə işlərinə yeni gücə nəzarət avadanlıqlarının qurulması, mühərrik sistemləri üçün maye-kristal komponentlər və LED işıqların qoşulması daxil idi. Bunlardan əlavə, motorlardan bir və ya ikisinin də dəyişdirildiyi deyilir.
Qeyd edək ki, Antonov AN-225 Mriya 1985-ci ildə və cəmi 1 ədəd istehsal edilib. 1988-ci ildə ilk uçuşunu yerinə yetirən nəhəng dəmir quş istehsal olunarkən əsas məqsədi Buran kosmik gəmisini daşımaq olub. Məhz buna görə də arxa qanadının quruluşu fərqlidir. Bu xidmətdən üzüağ çıxan Myria daha sonralar bir çox şirkət tərəfindən ağır yüklərin daşınması üçün kirayələnib. Daha bir təyyarənin istehsalına başlansa da, tələbat olmadığına görə 1994-cü ildə yarımçıq saxlanılıb. Lakin Antonov 2016-cı ilə Airspace İndustry Corporation of China şirkəti ilə seriyalı istehsala başlamaq üçün ikinci təyyarənin istehsalının tamamlanması barədə razılığa gəlib.
Təyyarənin uzunluğu 84 metr, qanadlarının ucları arasındakı məsafə isə 88.4 metrdir ki, hər iki göstəriciyə görə dünyada birincidir. Öz çəkisi 285 ton, maksimal qalxış ağırlığı 640 tondur. O, bir təyyarə tərəfindən daşınan həm bir yükün maksimal çəkisinə (189 ton), həm də ümumi kargonun çəkisinə (253,8 ton) görə rekordçudur.