Dünyanın ən güclü krossoveri olan 720 at qüvvəli Dodge Durango SRT Hellcat modelinin buraxılışı bu ilin iyun ayında dayandırılacaqdır. “Bərkgedən” krossoverə olan tələbat gözləniləndən çox olsa da, istehsalçı modelin istehsalına son vermək qərarına gəlib.
Ekstremal Dodge Durango SRT Hellcat krossoverinin təqdimatından sonra, istehsalçı modelin yalnız 2021-ci il ərzində istehsal olunacağını açıqlamışdı. Bu məhdudiyyət istehsal olunan avtomobillərin sayına şamil edilmir: krossoverin 2022-ci model ilinə yolu perspektiv ekoloji standartlara görə bağlanır, çünki onun kompressorlu V8 mühərrikinin atmosferə atdığı işlənmiş qazların normalara uyğun gəlmir.
Mopar Insiders nəşrinin Dodge markasının Amerikadakı dilerlərinə istinadən verdiyi xəbərə görə, Durango SRT Hellcat modelinin istehsalının bu ilin iyun ayında tamamlanacağı məlum oldu.
Dünyanın ən güclü krossoverinin planlaşdırılmış buraxılış tirajı hələ də məlum deyil. Daha əvvəl, Miçiqandakı zavodda iki minə qədər Durango SRT Hellcat modelinin buraxılacağı ehtimal olunurdu, lakin modelə olan böyük tələbat səbəbindən, Dodge şirkəti “bərkgedən” krossoverin istehsalını artırmağı düşünür.
Dodge Durango SRT Hellcat modeli 720 at qüvvəsi və 875 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriklə təchiz edilir. Krossover yerindən 60 mil/saat həddinə (97 km/saat) qədər sürətlənməyə cəmi 3,5 saniyə sərf edir. Durango SRT Hellcat modelinin ABŞ-dakı satış qiyməti 80,995 dollar təşkil edir.