Kaliforniyada yerləşən Rezvani şirkəti özünün ən güclü və ekstremal modelini təqdim edib. Bu, Dodge Challenger SRT Demon modelinin təkmilləşdirilmiş mühərriki ilə təchiz edilən tamamilə yeni Tank X modelidir. Qeyd edək ki, Rezvani Tank X hazırda dünyanın ən güclü seriya ofrouderi hesab edilir.
Rezvani Tank son nəsil Jeep Wrangler modelinin poladdan hazırlanmış ramasında inşa edilib. Avtomobilin dizaynı üzərində həmyerlimiz Samir Sadıxov işləyib. Hərbi ofrouderlərə bənzəyən avtomobilin inşasında sələfinin heç bir detalından istifadə edilməyib. Şirkət rəhbəri Ferris Rezvaninin bildirdiyinə görə, yeni avtomobilin yaradılması zamanı əsas istiqamət eksteryer dizaynındakı atletikliyə, idarəetmə və asqı tənzimləmələrinə, mühərrikin təkmilləşdirilməsinə və interyerin dəbdəbəli tərtibatına yönəldilib.
Tank X modelinin kapotunun altında Dodge Challenger SRT Demon modelinin 6,2-litrlik mexaniki kompressorlu V8 mühərriki yerləşir. Güc aqreqatının hasilatı 1014 at qüvvəsi və 1180 Nm-dir. Ofrouderin baza variantları 274 at qüvvəli 2,0-litrlik dördsilindrli və 289 at qüvvəli 3,6-litrlik altısilindrli benzin mühərrikləri, həmçinin 264 at qüvvəli 3,0-litrlik altısilindrli dizel mühərriki ilə sifariş etmək olar. Bundan başqa, avtomobilin mühərrik çeşidinə 500 at qüvvəli 6,4-litrlik V8 mühərriki də daxil edilib. Ötürmələr qutusu - avtomatik və ya mexaniki qutulardır.
Rezvani Tank modeli güclü yolsuzluq xüsusiyyətlərinə malikdir ki, bu da Fox Racing amortizatorları, 37 düymlük şinlərin və pnevmatik qapanması olan Dynatrac körpüləri sayəsində mümkün olub. Ofrouderin təchizatına dəri salon, 7,9-düymlük displeyi olan multimedia sistemi, həmçinin rəngini seçmək mümkün olan cihazlar paneli daxildir.
Tank modelinin Military modifikasiyası istilik vizoru olan gecə görüntü sistemi, kevlardan kuzov panelləri, zirehli şüşələr, hərbi müdafiə səviyyəsi olan şinlər, deşilmə zamanı özüqapanan yanacaq çəni, gücləndirilmiş asqı, sayrışan işıqlar, tüstü topu, əleyhiqazlar və donma zamanı gərək olan ilk yardım dəsti ilə təchiz edilir. Avtomobilin elektrik sistemi ilk dəfə olaraq, cərəyanın kəskin dəyişməsi və hətta effektivliyi hərbi standartların üzərində olan nüvə elektromaqnit impulslarından müdafiə sisteminə sahib olub.
Rezvani Tank modelinin baza variantının qiyməti 155 min dollar təşkil edir. Military Edition modelini əldə etmək üçün 295 min dollarla vidalaşmalı olacaqsınız. Nəhayət, dünyanın ən güclü seriya ofrouderi olan Tank X üçün 349 min dollar xərcləmək gərəkdir.