Bu siyahıda ənənəvi daxili yanma mühərrikləri olan avtomobillər üstünlük təşkil edirlər. Lakin onların çeşid bolluğuna baxmayaraq, elektromobillərə olan tələbat getdikcə sürətlə artır. 162 ölkədə satış məlumatlarını təhlil edən Focus2move portalının hesablamalarına görə, yanvar-avqust aylarında Tesla Model Y elektrik krossoveri mütləq lider olub. Səkkiz ay ərzində bütün dünya üzrə 758 645 ədəd satılıb ki, bu da keçən ilin müvafiq göstəricisi ilə müqayisədə 76,7% çoxdur.
Tesla Model Y uzun müddətdir ki, liderlik edən Toyota Corolla modelini taxtından endirib. Yapon modeli il ərzində alıcılarının 3,4 faizini itirib. 2023-cü ilin yanvar-avqust aylarında 711 780 nəfər Toyota Corolla modelini seçib. İlk üçlüyü 595 675 nüsxədə satılmış Ford F-Series pikapları tutublar. Bu keçən illə müqayisədə 18,6% çoxdur.
Dördüncü yerdə başqa bir Toyota avtomobili qərarlaşıb – bu, iki mövqe itirmiş RAV4 krossoveridir. Onu 567 196 nəfər (- 3,8%) alıb. Beşinci yeri Honda CR-V (434 792 alıcı, + 5,7%), altıncı yeri isə Hyundai Tucson (410 748 ədəd və 13,4%) krossoveri tutub.
Toyota Camry üç pillə geriləyib. Biznes sedana tələbat 6,2% azalaraq 407 796 ədəd təşkil edib. Səkkizinci, doqquzuncu və onuncu yerləri Chevrolet Silverado (402 486 ədəd və +3,7%), Toyota Hilux (381 338 ədəd və + 4,0%) və Tesla Model 3 (364 195 ədəd və - 2,8%) tutub.
Tesla “qiymət müharibələrini” davam etdirir. Keçən həftə keçirilən növbəti endirimlərdən sonra Model 3 elektrokarının qiyməti demək olar ki, Toyota Corolla modelinin qiyməti ilə bərabərləşib. Lakin üç illik sahiblik müddətində istismar və texniki xidmət xərcləri nəzərə alsaq, elektromobil hətta bir qədər də ucuzdur. Bununla belə, ekspertlər yanacaqla işləyən avtomobillərlə arzu olunan qiymət paritetinin amerikan istehsalçısınya baha başa gələcəyini bildiriblər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.