Hərbi qırıcıların yaradılması və istehsal edilməsi böyük təcrübə və külli miqdarda vəsait tələb edən bir prosesdir. Hətta, Almaniya, İtaliya və İspaniya kimi böyük ölkələr dördüncü nəsil qırıcılarından olan Eurofighter Typhoon (EF2000) təyyarəsini hazırlamaq üçün güclərini birləşdirmək məcburiyyətində qalmışdılar. Lakin, Avropda da öz qırıcısını hazırlamağa üstünlük verən ölkələr də mövcuddur. Bunların arasında Fransa və İsveç də var. Fransanın istehsalı olan Dassault Rafale qırıcısı barədə artıq məlumat vermişik. İndi isə növbə kiçik Skandinaviya ölkəsi olan İsveçindir.
Avtomoibilsevərlər İsveçin SAAB markasını daşıyan avtomobilləri ilə yaxşı tanışdırlar. Əksəriyyət, SAAB şirkətinin təkcə avtomobillər deyil, həm də təyyarələri buraxdığını bilir. Bu təyyarələrin arasında həm mülki, həm də hərbi aviasiya üçün nəzərdə tutulmuş təyyarələr var. Bu gün söhbətimiz onlardan biri haqqında - SAAB JAS-39 Gripen qırıcı təyyarəsi barədə olacaqdır.
Qeyd etmək lazımdır ki, İsveç JAS-39 Gripen qırıcısı üzərində işləməyə Fransa (Dassault Rafale) və Eurofighter konsorsiumu (EF2000) ilə eyni vaxtda başlayıb. JAS-39 Gripen istismara 1994-cü ildə təhvil verilsə də, Rafale - 2001-ci ildə, Typhoon EF2000 isə 2003-cü ildə qəbul edilib. Bildiyimiz kimi, Typhoon əvvəlcə onun yaradılmasına iştirak etmiş ölkələrə çatdırılırdı. İndi isə Gripen, Rafale və Typhoon dünya bazarında bir-biri ilə rəqabət aparırlar.
SAAB 39A Gripen
Saab JAS-39 Gripen ilk uçusunu 1988-ci ildə həyata keçirib və hazırda İsveç Hərbi Hava Qüvvələrinin əsasını təşkil edir. Gripen əvvəlki Viggen qırıcılarını əvəzləyib. İlk zamanlarda dördüncü nəsil qırıcısı kimi yaradılmış təyyarə bu gün təkmilləşdirilərək 4++ nəslinin nümayəndəsinə çevrilib. JAS-39 Gripen qırıcısından hava hücumundan müdafiəni təmin etmək, yer və sü üzərindəki hədəfləri məhv etmək, həmçinin kəşfiyyat aparmaq üçün istifadə olunur.
1937-ci ildə yaradılmış SAAB şirkəti bu müddət ərzində 13 müxtəlif qırıcı təyyarəni yaratmış və dörd mindən çox təyyarə inşa etmişdir. Bu təyyarələrin əksəriyyəti İsveç HHQ-nin tələblərinə uyğun olaraq hazırlanmışdır. SAAB firması 1950-ci illərin ortalarından İsveçin HHQ-nə daxil olan J32 Lansen, J35 Draken və J37 Viggen kimi məşhur qırıcıları buraxmışdı. Qeyd etmək lazımdır ki, İsveç istehsalı olan qırıcılar, bu sahədə qabaqcıl sayılan ölkələrin qırıcılarından heç də geridə qalmırlar.
İsveç qırıcılarının xarakterik xüsusiyyəti, məhdud sayda düzlükləri və sərt iqlimi ilə seçilən Skandinaviyanın şəraitinə maksimum uyğun gəlmələridir. Təyyarə yüksək uçuş və eniş xüsusiyyətləri ilə seçilir ki, bu da ona qısa uçuş-enmə zolaqlarından və avtomagistralların bir hissəsindən istifadə etməyə imkan verir. Bundan başqa, qırıcıya şiddətli şaxtalar və qarın yağması təsir göstərmir, eyni zamanda o, texniki xidmət asanlığı ilə də seçilir. Buna görə də, təyyarələrə xidmət göstərən heyətin yüksək peşəkarlığa malik olmasına ehtiyac qalmır.
SAAB JAS 39B Gripen
Yaradılma tarixi
Gripen qırıcısının yaradılması ilə nəticələnən proqramın əsası keçən əsrin 70-ci illərinin başlanğıcında qoyulub. 1960-cı ildə İsveç silahlı qüvvələrində yenidənqurma prosesi başlamışdı və nəticədə qırıcı donanması xeyli azalmışdı. Buna səbəb, yeni təyyarələrin baha qiymətləri idi. 1972-ci ildə, əvvəlcə çox bahalı olan AJ 37 Viggen qırıcılarını və SAAB 105 təlim-məşq təyyarəsini (TMT) əvəz etmək üçün nəzərdə tutulan yeni təyyarənin hazırlanması barədə ilk fikir bildirilmişdi. Bu ideyanın tərəfdarları onu 1975-ci ilə qədər müdafiə etmişdilər.
1976-cı ildə SAAB Viggen qırıcısının variantlarından biri olan yüngül B3LA TMT-nin və A20 hücum təyyarələrinin yaradılmasına başladı. B3LA təyyarəsinin layihəsi üzərində çalışmalar onun əsas bacarığının zərbələr endirmək olduğunu göstərdi. Təlim-məşq təyyarəsi kimi istifadə isə ikinci dərəcəli məsələ idi. B3LA-nın təlim təyyarəsindən hücum qırıcısına çevrilməsinə bir neçə saat tələb olunurdu. Bu transformasiyanı əks istiqamətdə də həyata keçirmək mümkün idi.
Təyyarənin güc qurğusu General Electric F404 turboreaktiv mühərrikindən ibarət olmalı idi. Təyyarənin konstruksiyasında superkritik qanaddan istifadə etmək planlaşdırılırdı. Planerin detallarının 25 faizi kompozit materiallardan, əsasən də gücləndirilmiş şüşəplastikdən hazırlanmalı idi
SAAB JAS 39 Gripen
Qanadda top konteynerlərinin, bomba və idarə olunan "hava-hava","hava-yer" raketlərini asmaq üçün dörd asma nöqtəsi olmalı idi. Qanadın uclarında "hava-hava" raketləri üçün istiqamətləndiricilər yerləşdirilməli idi. Quraşdırılmış 30 millimetrlik top da nəzərdə tutulmuşdu.
Füzelajın ön hissəsində, istilik ilə idarəolunan raketlərin köməyi ilə tankları vurmağa imkan verən istilik pelenqatoru (FUR) yerləşirdi. B3LA təyyarəsi yüksək davamlılığa, manevr qabiliyyətinə və nisbətən kiçik ölçülərə, hazırlanmamış uçuş-enmə zolaqlarından və ya avtomobil yollarından istifadə etmək imkanına sahib olmalı idi. Təyyarənin normal uçuş çəkisi 8000 - 9000 kiloqram arasında olması nəzərdə tutulurdu.
Lakin, 1979-cu ilin fevral ayında vəziyyət tamamilə dəyişdi. Yeni seçilmiş İsveç hökuməti B3LA-nın yaradılmasını çox bahalı hesab edərək layinəni bağladı. A20 hücum təyyarəsi üzərindəki bütün işlər də dayandırıldı.
SAAB JAS 39C Gripen
1980-ci ilin mart ayında İsveç hökuməti Hərbi Hava Qüvvələrinin müraciətini nəzərdən keçirdi, lakin hərbiçilərə Dassault Aviation şirkətinin Mirage 2000 qırıcı təyyarəsini, General Dynamics şirkətinin F-16 Fighting Falcon, McDonnell-Douglas F/A-18A/B Hornet və Northrop şirkətinin F-20 "Tigershark" (F-5S variantında) variantları üzərində düşünmələrini təklif etdi.
Sonunda, hökumət ölkənin öz təyyarəsini yaratmasına qərar verərək, SAAB-a 1950-ci illərdə başlayan ənənəi davam etdirərək, orijinal aerodinamik sxemlərə ("quyruqsuz" və ya "ördək") uyğun olan döyüş təyyarələrini yaratmağı tapşırdı. 1980-ci ilin mayında İsveç Parlamenti aparılmış iki illik tədqiqatların nəticəsini təsdiqlədi və həmin ilin sentyabrında SAAB, Volvo Flygmotor, FFV Aerotech və Ericsson şirkətlərinən ibarət olan IG JAS (Industri Gruppen JAS) sənaye qrupunu yaradıldı.
O zamana qədər SAAB şirkəti artıq P2000 ailəsində birləşdirilmiş yeni çoxməqsədli təyyarələrin, demək olar ki, 15 layihəsini hazırlamışdı. Məsələn, P2102 layihəsi ABŞ-ın F-16 qırıcısına bənzəyirdi, ancaq bir qədər kiçik ölçülərə sahib idi. P2104 təyyarəsi oxşəkilli tərs qanada malik idi. "Quyruqsuz" sxemə görə hazırlanan, iki kilə malik olan, bir və iki mühərriki olan təyyarə layihələri təklif edilirdi.
SAAB JAS 39 Gripen
P2105 layihəsi "ördək" sxeminə əsasən yaradılmışdı və füzelyajın altında yerləşən hava girişinə malik idi. P2108 layihəsi də "ördək" sxeminə əsasən yaradılsa da, lakin yan hava girişlərinə sahib idi. Təxmini hesablamalar nəticəsində füzelyajın altında yerləşən hava girişindən istifadənin məqsədəuyğun olmadığı aşkar edildi, çünki bu vəziyyətdə ön dayağın arxaya çəkilməsi tələb olunurdu, bu isə, şassinin bazasının kiçilməsinə və yerdəki idarəetmənin pisləşməsinə gətirib çıxarırdı. Bundan başqa, belə quruluş kənar cisimlərin mühərrikə düşməsinə, həmçinin silah-sursatın füzelyajın altındakı pilonlarda yerləşdirilməsini məhdudlaşdırılmasına və mühərrikin girişində hava axınının qeyri-qənaətbəxş paylanmasına səbəb ola bilərdi.
Sonradan, SAAB şirkəti Rockwell HiMAT şirkətinin pilotsuz təyyarəsinə bənzəyən R2111-4 layihəsini, həmçinin qeyri-adi dayağa və füzelyajın üzərindəki hava girişinə mlaik olan P2107 layihəsini tədqiq etdi. Modellərin aerodinamik tunellərindəki sınaqları “ördək” sxeminin uçuş və enmə zamanı qaldırma gücünü yürsəltməyə, həmçinin döyüş geriyədönməsinin bucaq sürətini 10% artırmağa və səsdən yüksək sürətlərdə müqaviməti azaltmağa imkan verdiyini nümayiş etdirdi. Bundan əlavə, hər tərəfə dönən ön üfüqi dayağın yürüş zamanı hava əyləci rolunu oynaya biləcəyi də məlum oldu.
SAAB JAS 39C Gripen
1981-ci ilin iyun ayının əvvəlində, təklif olunan bütün konfiqurasiyalar müqayisə edildikdən sonra, SAAB sonrakı tədqiqatlar üçün P2108 layihəsini seçdi və onun əsasında yaradılan təkmilləşdirilmiş P2110 layihəsini təqdim etdi. 1982-ci ilin yazında bu layihələr Müdafiə Nazirliyinin Logistika İdarəsinə (FMV) təqdim olundu və hərbiçilər P2110 layihəsinin davam etdirilməsini məsləhət gördülər.
Şirkətə, o dövrdə mövcud olan yeni sovet qırıcıları ilə mübarizə aparacaq yüksək manevr qabiliyyətinə və tək mühərrikə malik olan yüngül təkyerli qırıcının yaradılması tapşırıldı. Tələblərin arasında təyyarənin təkrar uçuşa tez hazırlanmasının təmin edilməsi də var idi. Yeni qırıcının İsveç ərazisini hava hücumundan müdafiə etməli olduğunu nəzərə alaraq, onun böyük uçuş mənizilinə malik olması tələb edilmirdi.
1982-ci ilin iyun ayının sonunda FVM rəhbərliyi IG JAS qrupu ilə beş JAS 39A təcrübə qırıcısının və 30 seriya qırıcısından ibarət olan lk partiyanın istehsal edilməsi üçün müqavilə imzaladı. Sonradan 110 təyyarənin olduğu ikinci partiyanın alınması da bu müqavilədə nəzərdə tutulurdu. 1982-ci ilin sentyabr ayında təyyarənin adlandırılması üçün elan edilmiş açıq müsabiqənin nəticələrinə görə, gələcək qırıcıya "Gripen" adı verildi. 1983-cü ilin aprelində İsveç parlamenti ilk 30 ədəd seriya qırıcısının alınması üzrə müqaviləni təsdiqlədi.
SAAB JAS 39 Gripen
Bundan sonra SAAB şirkəti təyyarənin və onun sistemlərinin layihələndirilməsinə başladı. JAS 39A qırıcısı üçün seçilmiş tamdönən ön üfüqi dayağı (ÖÜD) olan “ördək” aerodinamik sxeminin, yüksək manevr qabiliyyətini əldə edilməsi üçün, statik qeyri-dayanıqlılığa malik olması gərək idi. Bu isə, öz növbəsində rəqəmsal elektron məsafədən idarəetmə sisteminin (EMİS) mövcudluğunu tələb edirdi. Güc qurğusu olaraq, General Dynamics şirkətinin F4041 turboreaktiv mühərrikinin lizensiyalı modifikasiyası olan Volvo Flygmotor şirkətinin RM12 mühərriki seçilmişdi. JAS 39A qırıcının hesablanmış maksimal uçuş çəkisi 1,1 tonu aşmırdı.
1984-cü ildə gələcək təyyarənin idarəetmə və hidravlika sistemlərinin stend sınaqlarına başlandı. 1985-ci ilin yanvarında isə təcrübi RM12 mühərrikinin stend sınaqlarına start verildi. Amerikan Lear Siegler firması tərəfindən hazırlanmış EMİS-nin sınaqları proqram təminatında çoxsaylı səhvlərin olduğunu üzə çıxardı. Sonradan, idarəetmə sisteminin PT-nın və silahların idarəedilməsi kompyüterinin inteqrasiyası zamanı da yeni səhvlər üzə çıxdı.
Bu çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, SAAB Gripen təyyarəsinin ilk təcrübə nüsxəsinin inşasına başladı. 1986-cı ilin fevralında təyyarənin ilk maketi İsveç parlamentinin, müdafiə nazirliyinin və yerli KİV-lərin nümayəndələrinə nümayiş etdirildi. Həmin il təyyarənin bir sıra sistemlərinin Viggen qırıcısında sınaqlarına başlanıldı.
SAAB JAS 39 Gripen
SAAB şirkətinin 50-illik yubileyinin qeyd edildiyi 1987-ci ilin 26 aprel tarixində JAS 39 qırıcısının ilk təcrübə nüsxəsinin təqdimatı keçirildi. Təyyarənin sınaqlarının növbəti ilin yayında keçirilməsi nəzərdə tutulsa da, avionika və idarəetmə sistemində aşkar edilən problemlər SAAB şirkətini ilk uçuşun tarixini mütəmadi olaraq təxirə salmağa məcbur etdi.
Nəhayət, 9 dekabr 1988-ci ildə Stiq Holmstryom tərəfindən idarə olunan JAS 39-1 Gripen qırıcısı ilk dəfə səmaya qalxdı. İlk uçuşlar EMİS-də və təyyarənin statik qeyri-dayanıqlılığında ciddi problemlərin olduğunu göstərdi. Altıncı uçuş sınağı zamanı Linçyopinqdəki zavod aerodromuna enərkən təyyarə qəzaya uğradı. Təyyarənin pilotu Lare Redestryom bu qəzadan zədə almadan qurtarmağı bacardı.
Qəzanın səbəbinin proqram təminatında olduğu aşkar edildi. Bundan sonra, proqram təminatının işlənməsinə amerikan Calspan şirkəti cəlb edildi və mühərrikdə aşkar edilmiş problemlər də aradan qaldırıldı.
C130 Hercules və SAAB JAS 39 Gripen
1989-cu ildə İsveçin Müdafiə Nazirliyi ikiyerli Gripen qırıcısının yaradılması üçün SAAB firması ilə yeni müqavilə imzaladı. Hökumət proqramın davam etdirilməsini təsdiqləsə də, lakin 110 qırıcıdan ibarət olan ikinci partiya üzrə müqavilənin bağlanmasını 1992-ci ilə qədər təxirə saldı. Bundan başqa, FMV rəhbərliyi təyyarənin İsveç HHQ-nin tələblərinə cavab verdiyini təsdiqlənməsi üçün yeni sınaqların aparılmasını tələb etdi. Buna cavab olaraq SAAB şirkəti ikinci partiya üçün müqavilənin 1991-ci ilin ortasına qədər rəsmiləşdirilməməsi halında işlərin dayandırıla biləcəyini və bunun proqramın ləğvinə gətirib çıxaracağını qeyd etdi.
1991-ci ildə, uzunmüddətli sınaqlardan və təkmilləşdirmələrdən sonra, SAAB şirkəti bütün problemlərin həll edildiyini bəyan edib. Bu müddət ərizndə xarakteristikalarının əksər hissəsi daha da yaxşılaşdırılmış təyyarə HHQ tərəfindən istismara qəbul edildi. 1992-ci ildə ikiyerli JAS 39B qırıcısının yaradılmasına icazə verildi. Elə həmin zaman, SAAB və FMV tərəfindən ikinci partiyanın tədarükü barədə müqavilə imzalandı. 1992-ci ilin sentyabrında isə, iki Gripen qırıcısı Farnborodakı aviasiya sərgisində nümayiş etdirildi.
SAAB JAS 39 Gripen
Təyyarənin konstruksiyası
"Ördək" sxeminə görə hazırlanmış tək oturacaqlı JAS 39A Gripen qırıcı təyyarəsi orta mövqedəki trapezoidal qanada, tamdönən trapezoidal ÖÜD və bir turboreaktiv mühərrikə malikdir. Planer təxminən 60.000 hissədən hazırlanmışdır. Elektrik naqillərinin uzunluğu 30.979 metrdir və onlar 450-dən çox müxtəlif elektrik və elektron qurğuları bir-birinə bağlayır.
Təyyarənin planerinin konstruksiyasında alüminium ərintilərindən (planerin çəkisinin 60%), titandan (6%), digər ərintilərdən (5%) və kompozit materiallardan (29%), əsasən də karbonplastikdən istifadə olunur. Qanadın kessonu, ÖÜD, şaquli dayaq (kil), müxtəlif hava yönləndiriciləri və bir sıra səthlər karbon lifli ilə möhkəmləndirilmiş plastikdən hazırlanmışdır. Differensasiya edilmiş əyilmə bucaqları olan ÖÜD konsolları zolaqda yürüş zamanı hava əyləci kimi istifadə edilə bilər. 1999-cu ildə, son istehsal partiyasından olan JAS 39A qırıcılarının maksimal uçuş çəkisinin 14.000 kiloqrama qaldırmaq üçün qanad və şassisi gücləndirilib. Nəticədə, konstruksiyanın kütləsi 200 kiloqram artıb və təyyarənin istismar müddəti 3.000 saatdan 4.000 saata qədər artırılıb.
Şassinin əsas dayaqları bir təkərlidirlər və füzelyajın altındakı bölmələrə qatlanırlar, karbon əyləclər və sürüşmə avtomatları ilə təchiz edilirlər. Ön dayaq iki şinli, özü istiqamətlənəndir vıə geriyə qatlanır. Bütün şinlər Goodyear tərəfindən istehsal olunur. Şassinin bazası 5,2 metrdir (ikiyerli JAS 39В - 5.9 metr), təkər izi isə 2.4 metrdir.
SAAB JAS 39 Gripen
Kabinənin fənəri 9 millimetr qalınlığı olan akril şüşədən hazırlanmışdır. Ön şüşələr 26,5 millimetr qalınlığa malikdir və 1000 kq/saat sürətlə 1 kiloqram ağırlığında olan quşla toqquşmaya tab gətirə bilir. Toqquşma olduqda isə, quşun qalıqları xüsusi deflektor vasitəsi ilə pilotun başından aşağı tərəfə yönləndirilir. Kokpitdə Martin-Baker 10LS katapult oturacağı quraşdırılıb. Oturacağın kürək hissəsinin maillik bucağı 27 dərəcədir və aşağıdakıları təmin edir:
- dayanacaqda olarkən təyyarəni tərk etmək;
- təyyarəni 0 ilə 16.000 metr arasında olan hündürlükdə tərk etmək;
- təyyarəni aşağı hündürlükdə 1.150 km/saat sürətində və yüksək hündürlükdə M = 1.5 sayına uyğun sürətdə tərk etmək;
- ters çevrilmiş uçuşda təyyarəni 100 metr yüksəklikdə tərk etmək;
- şaquli dalış zamanı təyyarəni 700 metr yüksəklikdə tərk etmək;
- təyyarəni həddindən artıq yükləmə zonasında +6 ilə -3 arasında tərk etmək.
SAAB JAS 39 Gripen
Katapultdan istifadə zamanı fənəri dağıtmaq etmək üçün partlayıcı burazdan istifadə olunur. Katapult bir əsas və iki əlavə barıtlı sürətləndiriciyə malikdir. Təxliyyə prosesinin birinci mərhələsində əsas sürətləndirici (0.19 saniyə) işləyir, kreslo fənərin kənarından çıxdıqda əlavə sürətləndiricilər işə düşür (işləmə müddəti 0,25 saniyə). Şaquli dayaq toqquşmamaq üçün, təxliyyə istiqaməti sola doğru meyllidir. Yerdə park edildikdə, 10LS kreslosu 70 metr hündürlüyə qalxmanı təmin edir, 3.000 metrdən az hündürlükdə, katapult kreslosunun atılması ilə paraşütün tam açılmasına qədər olan vaxt 2 saniyə təşkil edir.
İki nəfərlik təyyarədə, təxliyyə zamanı, arxa kokpitdə oturan pilotun ön fənərin qırıqlarından qorumaq üçün, onun qarşısında hava yastığı açılır və sonrakı təxliyyə zamanı atılır. Arxa oturacağın atılma traektoriyası arxa şaquli dayaqdan sağ istiqamətdədir.
Təyyarənin güc qurğusu 5.510 kiloqram (8.220 kiloqram forsaj rejimində) dartma qüvvəsi olan bir Volvo Flygmotor RM12 turboreaktiv mühərrikindən ibarətdir. Daha sonra təyyarə təkmilləşdirilmiş turbinə və FADEC rəqəmsal idarəetmə sisteminə sahib olan RM12UP mühərrikləri ilə təchiz edilirdilər.
SAAB JAS 39 Gripen
Avionika
İsveç FV2000 aviasiya doktrinasının əsasını belə şüar təşkil edir: "Hava üstünlüyü məlumat üstünlüyü ilə əldə edilir." Gripen qırıcısının pilotu üç mənbədən məlumat alır: gövdədəki sensorlar, rabitə və məlumat mübadiləsi kanalları. Məlumatın böyük hissəsi Ericsson PS-05/A santimetrlik diapazona malik olan çox rejimli impuls-doppler radarlarından alınır. Stansiyada (çəkisi 156 kiloqram) mexaniki daramalı kiçik yastı antenna vardır. Radar 30 dəqiqə ərzində dəyişdirilə bilən dörd moduldan ibarətdir. Hədəfləri böyük məsafədə aşkar etmək üçün impulslu sıxılması olan tezlik modulyasiyası prinsipindən istifadə olunur. Stansiyanın konstruksiyasının yaradılmasında Britaniyanın GEC-Marconi şirkəti iştirak etmişdir. Stansiyanın konstruksiyasının əsası kimi British Aerospace Sea Harrier təyyarəsində quraşdırılmış Blue Vixen radarları götürülmüçdür.
PS-05/A radarı "qırıcı" tipli hava hədəfini 120 kilometr məsafədə aşkar etməyə qadirdir. Yolda hərəkətdə olan avtomobil nəqliyyatı və ya limanda lövbər atmış gəmiləri açkar etməyə isə 70 kilometr tələb olunur.
PS-05/A radarının bütün xüsusiyyətlərinin demək olar ki, gizlidir. Pilotun, zonanın sürəti 60 dər/s olan üç izləmə rejimindən (120 dərəcə, 60 dərəcə və 30 dərəcə) birini seçmək imkanı olduğu məlumdur. Ərazilərin xəritələşdirilməsi və hədəf axtarış rejimləri ölçüləri 5x5 və 40 x 40 kilometr olan yer səthini əhatə edir.
SAAB JAS 39D Gripen
Kokpitdə aktiv matrisası olan üç çoxfunksiyalı rəngli displey (ekran ölçüsü 150 x 200 mm) və geniş bucaqlı proyeksiya displeyi (görüntü bucağı 28 x 22 dərəcə) mövcuddur. Sol displey uçuş məlumatlarını göstərmək üçün, mərkəzi ekran üfüqi məkandakı vəziyyət üçün, sağ tərəf isə sensorlar üçündür. Kabində rabitə, hədəf təyinetmə sistemi və s. ilə işləmək üçün panellər də mövcuddur.
Mütəxəssislərin fikrincə, Gripen qırıcısının informasiya sisteminin əsasını dünyada analoqu olmayan CDL 39 rabitə və məlumat ötürmə sistemi təşkil edir. İsveç Hərbi Hava Qüvvələri məlumat ötürmə kanallarından istifadə etməkdə zəngin təcrübə toplayıb. İlk dəfə belə kanallardan 1965-ci ildə J35F Draken və JA 37 Viggen təyyarələrində istifadə olunmağa başlanıb. Görmə hüdudlarından kənarda olan (ətraf məkan haqqında məlumat və biliklər vacib rol oynayır) hədəfləri məhv edərkən məlumat ötürmə sistemləri (MÖS) danılmaz fayda verir. ABŞ və Britaniya Hava Qüvvələrində, məlumat mübadiləsi üçün JTIDS taktiki məlumat yayma sistemi, NATO silahlı qüvvələrində isə Link 16 sistemi istifadə olunur.
Bununla birlikdə, az sayda ixtisaslaşdırılmış təyyarədə quraşdırılmış JTIDS və Link 16 sistemləri daha çox digər təyyarələrin idarə olunmasını təmin edən komanda sistemləridir. Onlar sərbəst məlumat mübadiləsinə imkan vermirlər və ötürülən məlumatların növünə məhdudiyyətlər qoyurlar. CDL 39 sistemi ilə müqayisədə JTIDS və Link 16 məlumat mübadiləsi imkanları son dərəcədə aşağıdır. CDL 39 sisteminin imkanları ilə müqayisə olunan oxşar sistemlər Boeing F/A-18E/F Super Hornet və Eurofighter EF2000 Typhoon çoxməqsədli qırıcılarda istifadə olunur.
SAAB JAS 39 Gripen
CDL 39 sisteminə Fr41 analoq radio stansiyası, bir Fr90 rəqəmsal radiostansiya, səs məlumatlarına nəzarət vahidi, yerdəki gücləndirici telekommunikasiya sistemi, idarəetmə paneli və rabitə nəzarət ekranı daxildir. CDL 39 sisteminin son iki elementi qırıcının göyərtəsində yerləşir və pilota interfeys kimi xidmət edir. CDL 39 sisteminin ən vacib hissəsi amerikan Rockwell Collins şirkəti tərəfindən təmin edilən Fr90 rəqəmsal radiostansiyasıdır. O, 960-11215 MHz diapazonunda fəaliyyət göstərər və radio-elektron maneələrindən müdafiə sisteminə malikdir. CDL 39 sistemi İsveçdə qəbul edilmiş TARAS taktiki radio rabitə sisteminə tam inteqrasiya edilmişdir.
TARAS sistemi JA 37D Viggen və JAS 39 Gripen qırıcılarının, S-100B Argus AEW&C (SAAB 340 əsasında yaradılmış) komanda təyyarəsinın, S-102B Korpen elektron kəşfiyyat təyyarəsinin (Gulfstream təyyarəsinin bazasında inşa edilmiş), həmçinin Mərkəzi Komandanlıq Postunun (StriC) bir hissəsi olan yerüstü radio komplekslərinin rabitə qorumasını təmin edir. Hal-hazırda, FMV mütəxəssisləri CDL 39 və JTIDS sistemlərinin maksimal uyğunlaşdırılmasını təmin etmək üçün yol tapmağa çalışırlar.
CDL 39 sistemindən istifadə edərək dörd təyyarə eyni vaxtda (aktiv rejimdə) məlumat mübadiləsini həyata keçirə və hədsiz sayda təyyarə (passiv rejimdə) bu məlumatı ala bilərlər. CDL 39 sisteminin fəaliyyət məsafəsinin 500 kilometrdən çox olduğu güman edilir, üstəlik, bu məsafə retranslyator təyyarələri sayəsində əhəmiyyətli dərəcədə artırıla bilər. Sistemin əsas məqsədi, TARAS şəbəkəsinə radar görüntülərini, təyyarələrin vəziyyəti və silahları haqqında məlumatları ötürməkdir.
SAAB JAS 39 Gripen
CDL 39 sistemi Gripen qırıcısını yüksək taktiki çeviklik ilə təmin edir. Məsələn, zərbə endirmə əməliyyatı zamanı bir təyyarə hücumu həyata keçirərkən, hədəf bölgəsinin radar görüntüsünü alaraq növbəti təyyarə qrupuna ötürə bilər. Nəticədə, bu pilotlar hədəf bölgəsi, habelə məhv edilən hədəflər haqqında məlumatı əldə edirlər. Bu məlumat yerüstü əməliyyata başlamaq barədə qərar verən StriC komandanlıq postuna da ötürülə bilər.
Hava döyüşü apararkən, düşmən hədəfinin radar görüntüsü bir Gripen təyyarəsindən digərinə ötürülə bilər, bu isə, təyyarəyə radarları söndürərək gizli şəkildə hədəfə yaxınlaşmağa imkan verir. Eyni zamanda, ikinci təyyarədən atılan raketin uçuşuna birinci qırıcı tərəfdən nəzarət edilə bilər. AEW&C təyyarələrindən verilən məlumatın istifadəsi "səmanın şəklini" genişləndirərək digər Gripen qırıcılarına effektiv hava döyüşləri aparmağa imkan verir.
CDL 39 sisteminin imkanlarını sübut etmək üçün İsveç Hərbi Hava Qüvvələri bir sıra təlimlər keçirib və yalnız altı Gripen qırıcısı ölkənin ərazisinin yarısını uğurla "bağlayıb". CDL 39 sistemindən istifadə edərək patrul uçuşu həyata keçirən altı Gripen təyyarəsi İsveçin bütün şərq sahilini - Baltik dənizindəki Qotland adasından başlayaraq Ronnebyu aviabazasına və ölkənin cənub sahilinə qədər olan məsafəyə nəzarət edə biliblər. Hər pilot digərlərinin harada olduğunu, nəyi seyr etdiklərini və nə etməyi planlaşdırdıqlarını bilirdi.
SAAB JAS 39F Gripen
Silahlar
Hal-hazırda, İsveç Hərbi Hava Qüvvələrində xidmət edən və ya ixrac olunan Gripen qırıcıları səkkiz qovşaqlarında müxtəlif "hava-hava" və "hava-yer" raketlərini daşıya bilər.
Təkyerli JAS 39A (və ya JAS 39C) qırıcısı 120 mərmisi olan təklüləli 27 millimetrlik Mauser VK27 topu ilə təchiz edilir. Silah füzelyajın altında sol tərəfdə yerləşir. SAAB, top üçün radar və avtopilotla birlikdə çalışan orijinal avtomatik hədəfəalma sistemini hazırlayıb. Bənzər sistem JA 37 Viggen qırıcısında özünü təsdiq edib. Avtomatik nişangah hədəfi izləyir, məsafəni və atəş bucağını hesablayır. Pilot atəşə başlayan kimi, göyərtədəki radar mərmilərin trayektoriyasını izləyir, avtopilot isə təyyarəni lazımi vəziyyətdə saxlayır. Sistem yüksək etibarlılığa və dəqiqliyə malikdir, uzun məsafələrdə, gecə-gündüz, eləcə də pis hava şəraitində atəş açmağa imkan verir.
Təyyarə qanad altındakı dörd və füzelyaj altındakı iki asma nöqtələrinə malikdir. Bu asqılarda aşağıdakı silahlar asıla bilər:
- "Hava-hava" AIM-9L (Rb74) idarə edilən raketi (İR) - 6 ədəd;
- "Hava-hava" IRIS-T (Rb98) İR - 6 ədəd;
- "Hava-hava" AIM-120 (Rb99) İR - 4 ədəd;
- "Hava-hava" Meteor İR - 4 ədəd;
- "Hava-hava" R-Darter İR - 4 ədəd;
- "Hava-yer" AGM-65 Maverick (Rb75) İR - 4 ədəd;
- Taktiki qanadlı Taurus KEPD-150 raketi - 2 ədəd;
- Taktik qanadlı Taurus KEPD-350 raketi - 2 ədəd;
- Gəmi əleyhinə SAAB Rbs 15F (çəkisi 600 kq) raketi - 2 ədəd;
- Kasetli VK90 (kütlə 600 kq) bombası - 2 ədəd;
- Altı 135 millimetrlik PC M70 (çəkisi 364 kq) olan blok - 4 ədəd;
- Lazerlə idarə olunan GBU-10/12 KEB - 4 ədəd;
- Mk 82 bombası - 8 ədəd;
- 530 litrlik AYÇ - 3 ədəd;
- 1275 litrlik AYÇ - 1 ədəd;
SAAB JAS 39D Gripen
Yeni nəsil
15 iyun 2017-ci ildə Linçyopinq şəhərində (İsveç) SAAB AB qrupuna məxsus olan hava limanında JAS-39E Gripen qırıcısının (gövdə nömrəsi 39-08) ilk uçuşu reallaşdı. Bu təyyarə Gripen qırıcısının yeni nəslidir.
Gripen JAS 39E ilə JAS-39C/D arasındakı əsas fərq artmış davamlılıqdan, müasir aşkarlama və rabitə vasitələrindən ibarət olan avadanlıqlardan, daha güclü mühərrik, artmış yükgötürmə qabiliyyəti və uçuş diapazonundan, həmçinin qabaqcıl "insan-maşın" interfeysinə malik olmasından və alınan məlumatları sintez etmək bacarığından ibarətdir.
Konstruktorların bildirdiyinə görə, təyyarə artıq C/D versiyasında quraşdırılması mümkün olmayan bir çox yeniliyi özündə cəmləşdirib. Əslində, JAS 39E, sələfi JAS 39C/D ilə cüzi ortaqlığı qoruyaraq yeni təyyarə halına gəlib.
SAAB JAS 39 Gripen
Boş təyyarənin ağırlığının 5.900-dən 6.300 kiloqrama qədər, daxili çənlərdəki yanacaq ehtiyatının bir yarım dəfə artaraq 3.360 kiloqrama qədər, ən yüksək uçuş çəkisi 2.000 kiloqrama qədər artırılmışdır. 6,5 tona (forsajda 10 tona qədər) dartma qüvvəsinə malik olan yeni General Electric F414 mühərriki sayəsində, qırıcı forsajsız rejimdə M = 1.25 qədər sürətlərdə uçuş edə bilir. Braziliyalıların açıqlamalarına görə, JAS 39E qırıcısının fəaliyyət radiusu 1.300 kilometr, uçuş mənzili isə 4.000 kilometr olacaqdır (bu, ölkə ərazisini nəzərə alaraq onlar üçün vacibdir).
JAS-39E Gripen yeni modul proqram təminatını əldə edib. Bunun sayəsində qırıcının proqram təminatı sahəsində olan funksionallığını proqram tətbiqlər sayəsində artırmaq mümkün olacaqdır. Bu, əsas əməliyyat sisteminə təsir etmədən həyata keçiriləcəkdir.
Yanacaq sisteminin və güc qurğusunun təkmilləşdirilməsi sayəsində təyyarənin maksimal uçuş kütləsi və uçuş məsafəsi əvvəlki nəsil Gripen ilə müqayisədə artmışdır. Döyüş təyyarəsi iki əlavə asma nöqtəsi ilə təchiz olunmuşdur və adi Gripen ilə müqayisədə daha böyük silah yükü daşıya bilər. Qırıcı ümumi kütləsi 5,3 ton olan raket və bomba daşımaq üçün 10 asma nöqtəsi və 120 mərmi ehtiyatı olan 27 millimetrlik aviasiya topu ilə təchiz edilmişdir.
SAAB JAS 39 Gripen
Avionikada da yeniliklər mövcuddur - Gripen 100 dərəcəlik bucağa dönə bilən və aktiv mərhələli radar qəfəsi olan Selex-ES Raven ES-05 radarı, infraqırmızı radarı (təyyarənin gövdəsinin qızmasını orta səs sürətinə qədər olan uçuş sürətində də müəyyənləşdirən) təchiz edilmişdir.Bütün bunlar "stels" təyyarələrinin aşkar etmək üçün xüsusi olaraq yaradılmışdır.
JAS-39E qırıcısının aerodinamik elementləri mexaniki dartma və ya hidravlik ötürmələrlə deyil, elektron siqnallar və tellər vasitəsi ilə idarə etməyə imkan verən EMİS-nə malikdir. Gripen 39E qırıcısının rabitə sistemləri ona yalnız digər təyyarələrlə deyil, həmçinin quru qoşunları və gəmilər ilə də məlumat mübadiləsi aparmağa imkan verir.
Mülki sərnişin təyyarələri üçün xüsusi olaraq hazırlanmış modul proqramından döyüş təyyarələrinin istehsalçıları tərəfindən getdikcə daha çox istifadə olunur. Belə bir proqram təminatı ilə Rusiyanın Su-35S və Su-57 qırıcıları, ABŞ-ın F-35 Lightning II qırıcı təyyarəsi də təchiz edilib.
SAAB JAS 39 Gripen
Effektiv səpələnmə sahəsini (ESS) azaltmaq üçün planerin konstruksiyasında radar dalğalarını udan materiallardan geniş istifadə olunacaqdır. İnfraqırmızı diapazonda görmə qabiliyyətinin azaldılması mühərrik bölməsinin ekranlaşdırılması sayəsində əldə ediləcəyi gözlənilir ki, bu da gövdə səthinin şüalanması əmsalını azaltmağa imkan verəcəkdir.
Yeni qırıcının alıcılar üçün əlavə bir bonus istismar xərclərinin azaldılmasıdır. Hazırda, Gripen qırıcısının bir uçuş saatı 7.500 dollara başa gəlir. Müqayisə üçün, F-16 və F-35 qırıcılarında bu məbləğ təxminən 20.000-30.000 dollar arasındadır. JAS 39E üçün SAAB şirkəti bu rəqəmin 40 faizə qədər ucuzlaşacağını vəd edir.
Gripen 39E qırıcısının mövcud olan JAS-39C/D modelinin əsasında yaradılmasını nəzərə alsaq, onun uçuş test proqramı əvvəlki versiyanın sınaq həcminin yalnız üçdə birini təşkil edə bilər.
SAAB JAS 39 Gripen
Istismar xərcləri
Gripen təyyarəsi istimsar zamanı bütün hesablanmış parametrləri aşıb. Təyyarənin aşağı müqavimət sahəsinə malik olması, onun yanacaq sərfiyyatına, uçuş məsafəsinə və qalxma sürətinə müsbət təsir göstərib. İmtinalar arasındakı vaxt 7.6 saat təşkil edir, yəni 1 uçuş saatına 10 insan/saatlıq texniki xidmət tələb olunur - bu, müasir cəbhə qırıcıları arasında ən aşağı kəmiyyətdir. Gripen qırıcısının əməliyyat xərcləri 1 uçuş saatı üçün 7.500 dollar həddini (yanacaq və texniki xidmət xərcləri nəzərə alınmaqla) keçmir. Bu göstəriciyə görə, Gripen qırıcısı artıq Hərbi Hava Qüvvələrinin qarşısında duran tələblərə cavab verir.
Modifikasiyaları:
- JAS 39A - təkyerli modifikasiya;
- JAS 39B - ikiyerli modifikasiya;
- JAS 39C(D) - təyyarənin Swedish Lot 3 konsepsiyasına görə təkmilləşdirilmiş versiyası. FADEC mühərrik idarəetmə sistemi, dəbilqəyə quraşdırılmış hədəfalma sistemi, PS-05/A radar üçün yeni prosessor (Modular Airborne Computer System), Saab Dynamics IR-OTIS sensor sistemi ilə təchiz edilir;
- JAS 39X - BAE Systems ilə birlikdə istehsal olunan ixracat versiyası. JAS 39C modifikasiyasına bənzər şəkildə moderləşdirilmiş və NATO standartlarına uyğunlaşdırılmışdır.
Uçuş texniki xarakteristikaları:
- Modifikasiya: JAS.39E Gripen
- Qanad aralığı: 8,40 m
- Təyyarənin uzunluğu: 14,10 m
- Təyyarə hündürlüyü: 4,50 m
- Qanad sahəsi: 30,00 m2
- Çəkisi, kq
- boş: 7.100
- normal uçuş: 9.700
- maksimum uçuş: 14.300
- yanacaq: 3.360
- Mühərrik növü: General Electric F414-GE-39E
- Dartma, kN
- forsajsız: 1 x 64.00
- forsajlı: 1 x 98.00
- Maksimum sürət, km/saat
- yerin yaxınlığında: 1400 (M = 1.25)
- yüksəklikdə: 2.125 (.M = 2.0)
- Mənzili: 4.000 km
- Praktik mənzili: 900-1.500 km
- Yüksəlmə sürəti: 255 m/saniyə
- Praktik tavan: 15.2400 m
- Maks. istismar yüklənməsi: 9g
- Heyət: 1 nəfər
- Silah: 27 mm Mauser BK27 topu
- Silah yükü: 10 asma qovşağında 5.300 kq
- Qiyməti: 48 milyon dollar