Dünən eBay internet hərracında maraqlı bir satış elanı dərc edilmişdir. Bu elanda Porsche 911 R (Racing) avtomobilin 1 milyon 250 min dollara ( 1 milyon 904 min manat) satəşa çıxarıldığı bildirilir. Porsche 911 modelinin tarixində ən yüngül çəkiyə malik olan modifikasiyası alman istehsalçısının elan etdiyi qiymətdən altı dəfə baha qiymətə təklif edilir. Xatırladaq ki, Porsche 911 R modeli bu il keçirilmiş Cenevrə beynəlxalq avtomobil sərgisində təqdim edilmişdi. Bu modifikasiya 1967-ci ildə istehsal edilmiş eyni adlı yarış avtomobilinin 50 illik yubileyinə həsr edilmişdir.
Porsche 911 R modelini ekstremal sportkarlardan sayılan Porsche 911 GT3 RS kupesinin bazasında hazırlamışlar. Sportkarın karbondan düzəldilmiş kapot və qanadları, həmçinin maqneziumdan hazırlanmış damı vardır. Bundan əlavə, mühəndislər arxa oturacaqlardan, klimat-kontroldan və audiosistemdən tamamilə imtina etmişdirlər. Bu sistemləri hətta əlavə ödənişlə belə əldə etmək mümkün deyil. 911 R modelinin çəkisi 1370 kiloqram təşkil edir ki, bu da 911 GT3 RS modelinin çəkisindən 50 kiloqram azdır.
Avtomobil GT3 RS modelindən alınmış 500 at qüvvəsi və 460 Nm fırlanma anı olan 4,0-litrlik altı silindirli oppozit mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Opsional olaraq, tək kütləli nazim çarxı da təklif edilir. Porsche 911 R modeli yerindən 100 km/saat həddinə kimi 3,8 saniyəyə sürətlənir və 323 km/saat maksimal sürətə malikdir. Kupe çıxarılan spoyler, yeni avtomobil üçün xüsusi olaraq hazırlanmış arxa diffuzor və titandan düzəldilmiş işlənmiş qazların buraxılış sistemi ilə təchiz edilir.
Sportkarın təchizatına 20-düymlük təkər diskləri, öndə və arxada 410 və 390 millimetrlik diskləri olan karbon-saxsı əyləc sistemi daxil edilmişdir. Əlavə avadanlıq olaraq avtomobilin qabaq hissəsini 30 millimetr qaldıran sistemi də sifarış etmək olar. Almanların iddiasına görə bu sistem avtomobilin gündəlik istifadəsini təmin edəcəkdir.
İstehsalçı avtomobili 991 ədəd tirajla buraxmaq niyyətindədir. Almaniyada Porsche 911 R modeli may ayından başlayaraq 189544 avroya satılacaqdır.