1969-cu ildə Turində keçirilmiş avtosalonda Bertone kuzov atelyesi tərəfindən yaradılmış möhtəşəm Autobianchi A112 Runabout konsepti nümayiş etdirilmişdi. O, bir neçə əfsanəvi modelin prototipinə çevrilsə də, orijinal formada istehsala getməyib. Bertone 55 illik yubileyinii qeyd edən konseptə qarşı edilmiş ədalətsiyi aradan qaldırmaq üçün, orijinal şou-karın motivləri əsasında yaradılmış müasir avtomobili hazırlayıb. Ən maraqlısı isə, Runabout kiçik seriya ilə buraxılacaq!

1969-cu ilin Bertone Runaboat konsepti

Orijinal Runabout (“qayıq” deməkdir) konsepti həmin illərdə Bertone atelyesində işləyən məşhur dizayner Marçello Qandininin layihəsi əsasında yaradılmışdı. Bu prototip, 1968-ci ilin Alfa Romeo Carabo konsepti ilə yanaşı, Qandininin paz formalı dizayn üslubunu nümayiş etdirən ilk avtomobillərdən biri olub.

Diqqət çəkən başqa bir detal, kuzovun aşağı perimetri boyunca uzanan və qayığın qabırğalı alt hissəsini təqlid edən element idi. İşıqlandırma texnikası qeyri-adi sxemə malik idi: ön fənərlər ön tərəfin aşağı hissəsində, əlavə projektorlar isə, təhlükəsizlik qövsündə quraşdırılmışdılar. 

Heç vaxt buraxılmayan Runabout konsepti Fiat X1/9 və Lancia Stratos seriya modelləri üçün ilham mənbəyi kimi çıxış edib.

Müasir Bertone Runabout öz sələfini dəqiqliklə təqib edir: paz formalı siluet və bir çox xarakterik detallar, o cümlədən kuzovun üzərinə çıxan təkər tağları yerindədir. Doğrudur, yol avtomobilləri üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən ekstravaqant işıqlandırma texnikasından imtina olunub.

Onların əvəzinə daha praktik və özünəməxsus zərifliyə malik olan yuxarı qalxan fənərlər quraşdırılıb. Yenilənmiş Runabout həm də iki kuzov növü ilə təklif olunur: barketta (orijinal konsept kimi) və tamölçülü alın şüşəsi və çıxarıla bilən dam paneli olan daha praktik tarqa.

Autobianchi A112

Orijinal konsept kiçik litrajlı Autobianchi A112 modelinin şassisi üzərində inşa edilmişdi, baxmayaraq ki, 1,1-litrlik mühərrik ön tərəfdən oturacaqların arxasına köçürülmüşdü. Müasir sportkarın tam texniki göstəriciləri hələlik açıqlanmayıb, lakin onun baza daxilində quraşdırılmış 500 at qüvvəli V6 mühərriki ilə təchiz olunduğu məlumdur.

Mövcud tendensiyaların əksinə olaraq, Bertone Runabout modelinin elektrik üstqurumlarından məhrum olduğu xüsusilə vurğulanır. Həmçinin idarəetməni əyləncəli hala gətirən yüngül və həssas şassi vəd olunub. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mövcud olan ilkin məlumatlara əsasən, avtomobil artıq konveyerdən çıxarılan Lotus Elise modelinin əsasında hazırlanıb. Bunu təkcə orta mühərrikin yerləşməsi və V6 mühərrikinin mövcudluğu deyil, həm də alın şüşəsinin xarakterik çərçivəsi və arxa görünüş güzgülərinin bərkitmə nöqtərələri sübut edir.

Bertone nümayəndələrinin sözlərinə görə, yeni sportkar keçmişin şah əsərlərindən ilham alan perspektivli Classic modellər ailəsinin ilki olacaq. Bertone Runabout məhdud sayda buraxılacaq, lakin şirkət hələlik konkret tirajı açıqlamayıb. Amma qiymət artıq məlumdur - 350 min avro. Kiçik seriyalı istehsala 2026-cı ildə başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.