Adətən şənbə günləri çalışmamağa üstünlük verirəm, lakin bu gün təqdim edilmiş avtomobil məni bu ənənəni pozmağa vadar edib. Söhbət əfsanəvi Lamborghini Countach modelinin 50 illik yubileyinin şərəfinə hazırlanmış Countach LPI 800-4 superkarından gedir.

Lamborghini Countach modeli vaxtı ilə oğlan uşaqlarının xəyalı və ultradəbdbəli həyat tərzinin rəmzi olub. Bizim yaşıdlar arasında bu superkarın şəkli olan posterləri əldə etmək böyük uğur sayılırdı və belə poster gənclərin yataq otaqlarının əvəzolunmaz atributuna çevrilmişdi. Odur ki, Countach modelinin bir neçə onilliyin simvoluna çevrilməsində və Lamborghini şirkətinin gələcəyinə böyük təsir göstərməsində təəccüblü bir şey yoxdur.

Beləliklə, əfsanəvi superkarın tarixi 1971-ci ildə keçirilmiş Cenevrə avtosalonundan başlayır. Həmin sərgidə Bertone atelyesinin hazırladığı Countach LP 500 prototipi nümayiş olunurdu. Superkarın tarixinin başlanğıcını qoymuş bu prototipi sertifikatlaşdırma testləri zamanı əzmişdilər. Üç ildən sonra isə, elə həmin Cenevrədə seriya superkarı təqdim edilmişdi.

1974-cü ildə istehsalına başlanılan superkar LP 400 indeksini daşıyırdı. LP (Longitudinale Posteriore) qısaltması ortamühərrikli quruluşa, 400 rəqəmi isə mühərrikin yuvarlaqlaşdırılmış iş həcminə işarə edirdi. Seriya modelinin dizaynı Bertone dizaynerlərinin düşündüyündən də cəsarətli alınmışdı.

Avtomobil 375 at qüvvəsi və 361 Nm fırlanma anı hasil edən 3,9-litrlik V12 mühərriki ilə hərəkətə gəlirdi. Bir müddət sonra LP 400 modelini genişləndirilmiş təkər tağları olan kanonik LP 400 S modeli əvəzləmişdi. Daha sonra isə LP 500 S, 5000 QV və yubiley 25th Anniversary modeli işıq üzü görmüşdü. Qeyd etmək gərəkidir ki, 1974-1990-cı illər arasında 1983 ədəd Countach modeli istehsal edilib.

Əfsanəvi superkarın müasir təfsiri Lamborghini Sian FKP 37 modeli ilə eyni güc qurğusuna və texniki hissəyə malikdir. Bu isə, Countach LPI 800-4 modelinin 6,5-litrlik V12 atmosfer mühərriki və elektrik mühərriki inteqrasiya olunmuş yeddi pilləli ISR “robotu” ilə təchiz edildiyindən xəbər verir. Avtomobilin indeksindəki 800 rəqəmi sizi yanıltmasın: Lamborghini bu dəfə də indeksi yuvarlaqlaşdırmaq qərarına gəlib: amma yuvarlaqlaşdırılan mühərrikin iş həcmi deyil, gücüdür.

Əslində hibrid güc qurğusunun ümumi hasilatı 814 at qüvvəsi təşkil edir. Qeyd etmək gərəkdir ki, bu hasilatın 780 at qüvvəsi benzin mühərrikinin, 34 at qüvvəsi isə elektrik mühərrikinin payına düşür. Cərəyan mənbəyi olaraq eyni ölçülü litium-ion batareyasından üç dəfə güclü olan superkondensator çıxış edir.

Karbondan hazırlanmış monokoku və kuzov panelləri olan tam ötürməli kupe cəmi 1595 kiloqram çəkiyə malikdir. Superkar 100 km/saat həddinə sürətlənməsinə 2,8 saniyə, 200 km/saat həddinə sürətlənməsinə isə 8,6 saniyə gərəkdir. Countach LPI 800-4 modelinin makismal sürəti 355 km/saatdır. Avtomobilin 100 km/saat həddindən tam dayanmasına 30 metr tələb olunur.

Xatırladaq ki, orijinal Lamborghini Countach kupesinin son nüsxələri 455 at qüvvəli 5,2-litrlik V12 mühərriki ilə təchiz edilirdilər. Superkarın maksimal sürəti 295 km/saat təşkil edirdi.

Müxtəlif dövrlərin Countach modellərinin texniki xüsusiyyətlərinin ciddi şəkildə fərqlənsə də, onları xarakterik dizaynı birləşdirir: müasir Countach LPI 800-4 modelinin çöhrəsində maestro Marçello Qandinin üzrində işlədiyi orijinal superkarın tanış cizgilərinə rast gəlmək olar. Bunlara misal kimi, altıbucaqlı təkər tağlarını, ön fənərlərin yerləşməsi və formasını, kuzovun pazşəkilli siluetini, hava qəbuledicilərin formasını və buraxılış sisteminin dörd çıxış borusunu göstərmək olar.

Lamborghini Countach LPI 800-4 modeli müxtəlif ölçülü disklərə malikdir: öndə 20-düymlük, arxada isə 21-düymlük disklər quraşdırılıb. Superkar Pirelli P zero Corsa şinləri ilə təchiz edilir. Superkarın təchizatına Lamborghini Dynamic Steering sükan idarəetməsi, üç rejimli hidrogücləndirici, tam idarələnən şassi və bir neçə hərəkət rejimi daxildir.

Müasir Countach modelinin ilk nüsxəsi Bianco Siderale rənginə boyanıb ki, bu da Ferruççi Lamborgininin şəxsi Countach LP 400 avtomobilinə işarədir. Countach LPI 800-4 modelinin rəng palitrasında vintaj Impact White, Giallo Countach, Verde Medio boyaları və müasir Viola Pasifae və Blu Uranus metallik boyaları da var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Countach LPI 800-4 modelinin interyeri unikal tikişləri olan qırmızı və qara rəngli dəri ilə tərtib edilib. Qeyd etmək lazımdır ki, superkarın alıcısını başqa bir sürpriz də gözləyir - avtomobilin multimedia sisteminə Countach modelinin dizayn fəlsəfəsi haqqında film yazılıb. Filmi multimedia sisteminin 8.4-düymlük ekranında izləmək üçün Stile düyməsini basmaq kifayətdir.

Lamborghini Countach LPI 800-4 modelinin tirajı 112 nüsxə ilə məhudulaşdırılıb. Superkarların müştərilərə çatdırılmasına 2022-ci ilinin birinci rübündə başlanacaqdır. Müasir Countach modelinin qiyməti açıqlanmayıb, lakin onunun bir neçə milyon avro olacağını ehtimal edirik.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.