Bu yayın əvvəlində Stellantis ittifaqı Lancia markasının inkişaf planını açıqlamışdı. Hazırda italyan markası yeganə modeli – Ypsilon hetçbekini buraxır və yalnız İtaliya bazarında çıxış edir. Buna baxmayaraq, Lancia markasını renessans gözləyir – DS və Alfa Rome markaları ilə birlikdə Stellantis ittifaqının premium hissəsinə daxil edlmiş Lancia gələcəkdə üç yeni model buraxmalıdır.
Bu modellərdən birincisi, 2024-cü ilin ortasında işıq üzü görəcək Ypsilon modelinin yeni nəslidir. Uığcam ölçülü hetçbek benzin və elektrik versiyalarında təklif ediləcəkdir. Bundan sonra Lancia tamamilə elektrik ötürməsinə keçəcəkdir və 2026-cı ildə benzin versiyası olmayan yığcam krossover debüt edəcəkdir. Üçüncü model isə, əfsanəvi Lancia Delta modelinin davamçısı olan yeni Delta hetçbeki olacaqdır. Yayda bu modelin hazırlanacağı təsdiq edilməsə də, şirkətin rəhbəri Luka Neopolitano italyan Corriere nəşrinə verdiyi müsahibədə “hər kəsin Delta modelini istədiyini və onu planlara daxil etməməyin mümkün olmadığını” bildirib.
Məlum məsələdir ki, yeni Lancia Delta elektromobil olacaqdır. Luka Neopolitano yeni nəsil Delta modelinin qabaqcıl texnologiyalar ilə təchiz edilmiş emosional avtomobil olacağını qeyd edib. Modelin debüt tarixi dəqiqləşdirilmir, böyük ehtimalla, Delta 2027-ci ildə işıq üzü görməlidir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.