Porsche 911 Turbo S modelinin X83 indeksli modifikasiyası təsadüfən işıq üzü görən idman avtomobillərindəndir. X-seriyasının yaradılmasının əsas səbəbi, keçən əsrin 90-cı illərinin ortalarında Porsche şirkətinin anbarlarında əvvəlki nəsil modellər üçün nəzərdə tutulmuş yüzə yaxın satılmamış şassinin qalması olub.
Onları utilizasiyaya göndərməmək üçün, alman markasının mühəndisləri 911 modelinin məhdud saylı nəşrlərinin buraxılmasına qərar veriblər. Bu sportkarlar kiçik partiyalarla müxtəlif ölkələrə göndəriliblər.
ABŞ-dakı Bring a Trailer onlayn satış meydançasında X83 versiyasında olan gümüşü rəngli Porsche 911 Turbo S sportkarı satışa çıxarılıb. On nüsxədən ibarət seriyaya daxil olan sportkar 1994-cü ildə buraxılıb və 75.000 kilometr məsafə qət edib.
Porsche 911 Turbo S X83 modeli 10 nüsxəlik tirajla buraxılıb. Bütün sportkarlar gümüşü rəngə boyanmış kuzova, “yastı” ön tərəfə, üzə çıxan ön fənərlərə, genişləndirilmiş kandarlara və arxa qanadlardakı havalandırma girişlərinə sahib olublar.
Bundan başqa, X seriyasından olan modellərin seçilən cəhəti iri arxa antiqanaddır. Qeyd etmək lazımdır ki, belə antiqanadı on avtomobildən yalnız altısı alıb. Nadir Porsche 911 S X83 sportkarlarının hamısı Yaponiyaya göndəriliblər.
İdman avtomobilləri 380 at qüvvəsi hasil edən 3,6-litrlik altısilindrli mühərrik ilə təchiz olunurdular. Güc aqreqatı beş pilləli mexaniki transmissiya ilə tandemdə çalışırdı. Xüsusi seriyanın salonunda qara rəngli əsl dəri ilə üzlənmiş yarış oturacaqları quraşdırılmışdı. Bundan əlavə, modellərin təchizatına elektrik şüşəqaldıranları, kondisioner və radiomaqnitola daxil edilmişdi.
Avtomobilin indiki sahibi nadir Porsche sportkarını 2014-cü ildə alıb və sonradan onu ABŞ-a aparıb. Eksklüziv sportkarın sahibi 420.000 dollar qarşılığında ondan ayrılmağa hazırdır.