Ilk satış ilində Aston Martin DBX krossoveri üç mindən çox satılaraq, Britaniya markasının satışlarının yarısını təmin edib. İndi isə, britaniyalılar modifikasiya çeşidinin genişləndirilməsinə başlayıblar. Bir müddət bundan əvvəl altısilindrli mühərriklə təchiz edilmiş versiya (Çin bazarı üçün), indi isə, nəinki modifikasiya çeşidində, həm də lüks krossoverlər seqmentində ən güclü krossover olan DBX707 modifikasiyası debüt edib.
Əlbəttə ki, “bərkgedən” DBX modelinin kapotunun altında V12 mühərrikinin quraşdırılacağına ümid edənlər az deyildi, lakin belə mühərriklərin dövrü başa çatmaq üzrədir. Bununla belə, AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbomühərriki DBX krossoverinə əsas rəqibləri olan Lamborghini Urus (650 at qüvvəsi və 850 Nm) və hətta Porsche Cayenne Turbo S E-Hybrid (680 at qüvvəsi və 900 Nm) modellərinin “kürəyini yerə vurmaq” şansı verib. Yeni turbokompressorlar və başqa idarəetmə bloku sayəsində AMG aqreqatının gücü 550-dən 707 at qüvvəsinə, fırlanma anı isə 700-dən 900 Nm-ə artırılıb.
Seriya ofrouderləri arasında daha yüksək gücə yalnız Jeep Grand Cherokee Trackhawk (717 at qüvvəsi) və Dodge Durango SRT Hellcat (720 at qüvvəsi) modelləri malikdirlər. Lakin bu modellər artıq istehsaldan çıxarılıblar, üstəlik onların lüks seqmentinə heç aidiyyatları yoxdur. Mercedes-AMG GLE 63 S krossoveri də eyni 4,0-litrlik V8 biturbo mühərrikinə malikdir, lakin bu aqreqat 612 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir.
Aston Martin DBX707 modeli ilkin krossoverdən təkcə mühərriki ilə fərqlənmir. Yeni modifikasiya həmçinin Mercedes-AMG bölməsinin 9-pilləli “avtomatı” ilə təchiz edilir: hidrotransformatorun əvəzinə yaş AMG friksionları quraşdırılmış transmissiya ötürmələri daha az itkilər ilə və daha yeyin həyata keçirir. Ötürmələr qutusu düzgün mexaniki rejimə malikdir: ötürmələri yalnız sürücü özü həyata keçirə bilər. Bundan başqa, arxa differensialın elektronika tərəfindən idarə olunan kilidinin tənzimlənmələri də dəyişdirilib, baş cütlüyün ötürmələr nisbəti isə 3,07:1-dən 3,27:1 qədər artırılıb.
Standart pnevmatik asqının pnevmokameralarının həcmi üç dəfə artırılıb, başqa klapanları olan yeni amortizatorlar quraşdırılıb, 48-voltluq elektrik sistemindən işləyən aktiv stabilizatorlar yenidən tənizmləniblər. Bununla belə, klirensin hündürlüyünün (95 millimetr) dəyişməsi diapazonu saxlanılıb. Standart təkər diskləri 22-düymlük ölçüyə malidkirlər, 23-düymlük variantı isə əlavə ödəniş qarşılığında quraşdırmaq olar.
DBX707 standart olaraq altı porşenli mexanizmlər, öndə 420, arxada isə 390 millimetrlik diskləri olan karbon-keramik əyləclər ilə təchiz edilir. Belə əyləclər standart mexanimzlərdən daha səmərəli və eyni zamanda 40,5 kiloqram yüngüldürlər. Ön əyləclərin soyudulmasını yaxşılaşdırmaq üçün hava onlara iki axınla yönləndirilir - öndən barmaqlıq vasitəsi ilə və altdan.
Maksimal sürət (310 km/saat) baxımından yeni Aston Martin DBX707 öz sinifindəki rekorda iddialıdır: Lamborghini Urus (305 km/saat), Bentley Bentayga Speed (306 km/saat) və Maserati Levante Trofeo (302 km/saat) modelləri ondan geridə qalırlar.
Buna baxmayaraq, “bərkgedən” krossover 100 km/saat həddini toplamağa 640 at qüvvəli Porsche Cayenne Turbo GT modeli ilə eyni vaxtı sərf edir - 3,3 saniyə. Yeri gəlmişkən, Cayenne Turbo GT modeli krossoverlər arasında Nürburqrinq rekordunun sahibidir, lakin Aston Martin bu rekordu yeniləmək və yazda məsələni kökündən həll etmək niyyətindədir.
Zahiri cəhətdən Aston Martin DBX707 krossoverini baza modeldən ikiqat çubuqları olan daha iri radiator barmaqlığı, başqa bamperləri və gündüz hərəkət işıqları (dördbucaqlı konturların əvəzinə sadə zolaqlar) sayəsində asanlıqla fərqləndirmək olar. Arxa tərəfdə isə, buraxılış sisteminin iki borusunun əvəzinə dörd boru və bamperdə quraşdırılmış iri diffuzor var.
Salonda standart olaraq idman oturacaqları quraşdırılır, lakin daha rahat kresloları (əlavə ödəniş etmədən) da sifariş etmək olar. Mərkəzi konsolun alt hissəsində əlavə şaybalı selektor və bir neçə düymə peyda olub: onlar hərəkət rejimlərinin yeyin dəyişdirilməsinə cavabdehdirlər. Xatırladaq ki, bunun üçün adi DBX modelində mediasistemin menyusuna daxil olmaq lazımdır. Bundan əlavə, qapı bağlayıcıları da peyda olubıar.
Aston Martin DBX707 krossoverlərinin tədarükünə bu ilin ikinci rübündə başlanacaqdır. Bütün xüsusiyyətləri nəzərə alsaq, standart versiya ilə müqayisədə əlavə ödəniş o qədər də böyük deyil: Britaniyada yeni krossover üçün 189 min funt sterlinq (+ 28 min funq sterlinq) istəyirlər. Müqayisə üçün, Porsche Cayenne Turbo GT modelinin Britaniyadakı satış qiymətləri 147,5 min funt sterlinqdən başlayır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.