Üç il əvvəl BMW M3 Touring M3 modelinin tarixindəki ilk seriya universalı olub. 2023-cü ildə isə, yarış trekləri üçün köklənmiş ekstremal BMW M3 CS sedanı debüt edib. Bununla belə, BMW universalın da ekstremal versiyasını hazırlamaq qərarına gəlib. Qarşılayın - unikal trek universalı BMW M3 CS Touring.

CS versiyası adi M3 universalından ön tərəfin tərtibatı ilə fərqlənir. Ekstremal universal modelin adı yazılmış nişan olan qırmızı haşiyəli orijinal radiator barmaqlığını alıb. Gündüz hərəkət işıqlar sarı rəngdədir ki, bu da GT kateqoriyasında çıxış edən BMW yarış avtomobillərinə istinaddır. 

Karbonplastikdən hazırlanmış kuzov dəsti quraşdırılıb: splitter, ön hava girişləri, yan güzgü korpusları və arxa diffuzor ilə yanaşı, kapot da kompozitdən hazırlanıb. Bununla belə, universalın damı əvvəlki kimi poladandır.

Qeyd etmək lazımdır ki, CS sedanında quraşdırılan dam karbonplastikdən hazırlanır. Öndə 275/35 R19, arxada isə, 285/30 R20 ölçülü şinlər taxılmış qara və ya bürünc rəngində döymə təkər diskləri quraşdırılıb.

Salonda da karbonplastikdən hissələrin sayı artıb: quraşdırılmış baş dayaqları olan oturacaqlar, mərkəzi tunelin örtüyü, ön paneldəki dekorativ örtmə və sükan çarxındakı pillə dəyişdiriciləri kompozitdən hazırlanır. Onlar kuzov elementləri ilə birlikdə orijinal BMW M3 Competition Touring modeli ilə müqayisədə 15 kiloqram çəkiyə qənaət etməyə imkan veriblər.

Bununla belə, avtomobilin təchiz edilmiş haldakı çəkisini hələ də aşağı olduğunu söyləmək olmaz: 1850 kiloqram. Amma universal 500 litrlik  praktiki baqaj bölümü ilə öyünə bilər. Arxa sıranın qatlanması halında isə, 1510 litrlik məkan yaranır.

Sıralı altısilindrli 3,0-litrlik biturbo mühərrik M3 CS sedanındakı ilə eynidir. Baza universalının mühərriki ilə müqayisədə, o, fərqli döymə dirsəkli vala, idarəetmə blokuna və üfürmənin artırılmış təzyiqinə (1,7-2,1 bar) malikdir.

Elektriklə idarə olunan qapaqları olan titandan hazırlanmış yüngülləşdirilmiş səsboğucu sistemi də quraşdırılıb. Nəticədə, mühərrik 530 əvəzinə 550 at qüvvəsi hasil edir, fırlanma anı dəyişməz (650 Nm) qalıb. 

Mühərrik daha sərt dayaqlarda quraşdırılıb və səkkiz pilləli M Steptronic avtomatik transmissiya ilə tandemdə çalışır. Aktiv arxa diferensiallı M xDrive tam ötürmə sistemi 2WD rejiminə malikdir ki, bu rejimdə də bütün dartma qüvvəsi arxa təkərlərə göndərilir, stabilləşdirmə sistemi isə, söndürülür.

BMW M3 CS Touring universalı 100 km/saata 3,5 saniyəyə sürətlənir, ikinci “yüzlüyü” isə, 11,7 saniyəyə toplaya bilir. Bu, analoji BMW M3 CS sedanından (müvafiq olaraq 3,4 və 11,1 saniyə) daha yavaşdır, lakin orijinal BMW M3 Competition Touring universalından (3,6 və 12,9 saniyə) daha yeyindir. Maksimal sürət 300 km/saat həddində məhdudlaşdırılıb.

Ekstremal universalın yarış trekində yaxşı çıxış etməsi üçün asqı yeni yaylar, adaptiv amortizatorlar və stabilizatorlarla təchiz olunur. Əlavə ödəniş qarşılığında inkişaf etdirilmiş alüminium gücləndirici də təklif olunur.

Stabilləşdirmə, sükan və əyləc sistemləri yenidən sazlanıb. Standart əyləc mexanizmləri tərkibli metal disklərə malikdirlər, lakin əlavə ödəniş müqabilində karbon-keramik diskləri də sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

M3 modelinin bütün variantları kimi, BMW M3 CS Touring universalları da Münhendəki zavodda istehsal olunacaqlar. Oradan onlar Avropa, Avstraliya, Yaponiya və Cənubi Koreya bazarlarına göndəriləcəklər.

Avtomobillər mart ayında dilerlər salonlarında nümayiş etdiriləcəklər. Ekstremal universalın Almaniyadakı qiyməti artıq məlumdur: ən azı 153 min avro. Xatırladaq ki, M3 universalının baza versiyasının qiyməti 107 min avrodur. Ən kədərli xəbər odur ki, BMW M3 CS Touring universalı cari  M3/M4 ailəsinin sonuncu variantıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.