Ford şirkəti yeni nəsil F-150 Raptor superpikapını fevral ayında təqdim etsə də, onun mühərrikinin güc xarakteristikalarını açıqlamamışdı. Lakin hər kəsin maraqla gözlədiyi bu rəqəmlər Ford şirkətinin təlimatlarından birində aşkar edilib.

Autograph.az saytının Ford Authority nəşrinə istinadən bildirdiyinə görə, Ford şirkətinin bu yaxınlarda yayımladığı qoşqu və kamperlərin yedəkləmə təlimatındakı cədvəldə ekstremal F-150 Raptor pikapının güc xarakteristikaları da dərc olunub. İstehsalçı bu məlumatları və yeni nəsil Raptor pikapının dinamik xüsusiyyətlərini hələ də rəsmi olaraq açıqlamayıb.

Təlimata görə, yeni superpikapın 3,5-litrlik Ford EcoBoost V6 benzin mühərriki, yeni turbokompressorlara və təkmilləşdirilmiş soyutma sisteminə baxmayaraq, əvvəlki kimi 457 at qüvvəsi hasil edir.

Yeganə fərq, maksimal gücün 5000 deyil, 5850 dövr/dəqiqədə, 692 Nm-lik fırlanma anının isə əksinə 3500 deyil, 3000 dövr/dəqiqədə əlçatan olmasındadır.

Yeni nəsil Ford F-150 Raptor superpikapı 3700 kiloqrama qədər çəkisi olan qoşqu yedəyə ala bilər. Pikapın maksimal yükgötürmə qabiliyyəti isə 635 kiloqramdır. Bu rəqəmlər əvvəlki F-150 Raptor modelində olduğundan təxminən 90 kiloqram çoxdur.

Gələn il, superpikap V8 mühərriki almalıdır. Belə modifikasiya R indeksinə malik olacaqdır.