Bakı sakinlərinin üçoxlu ekstremal Mercedes-AMG G63 6x6 pikapı ilə tanış olmaq şansları olub. Ərəb şeyxlərinə məxsus olan bu pikaplardan biri, hətta Neftçalada batmağa da imkan tapmış və digər pikapın köməkliyi ilə palçıq əsirliyindən azad olmuşdur. Bildiyimiz kimi, bu günlərdə Detroytda keçirilən avtosalonda məşhur Gelandewagen'nin ikinci nəsli təqdim edilib.
Buradan bir sual doğur - bəs Affalterbaxdan olan mütəxəssislər yeni ofroderin ekstremal pikap variantını hazırlayacaqlarmı? Yaxud digər bir ekstremal ofroder - Mercedes-Benz G500 4x4² necə, yeni nəsil şəklində təzahür edəcəkmi? Hələ onun bazasında hazırlanan Mercedes-Maybach G 650 Landaulet modelini xatırlatmıram. Suallar çox, cavab isə hələlik yoxdur.
Xatırladaq ki, ekstremal Mercedes-AMG G63 6x6 ofroderi 2013-cü ildə təqdim edilibdir. Məhdud sayda buraxılmış ofroder 544 at qüvvəsi təklif edən 5,5-litrlik iki turbokompressorlu V8 mühərriki və yeddi pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Mercedes-AMG G63 6x6 ofroderinin klirensi 460 millimetr təşkil edir ki, bu da ona bir metr dərinliyi olan çay keçidini qət etmək imkanı verir. Dörd ton çəkiyə malik olan ofroder 100 km/saat həddinə 6,0 saniyəyə sürətlənir. Onun maksimal sürəti 160 km/saatdır. Mercedes-AMG G63 6x6 modeli 100 kilometrə ortalama 18 litr yanacaq sərf edir. Avtomobil ümumi tutumu 159 litr təşkil edən iki yanacaq çəni ilə təchiz edilibdir. Ofroder dolu çənlərlə 880 kilometr məsafə qət etmək iqtidarındadır.
Mercedes-AMG G63 6x6 modeli 37-düymlük yolsuzluq üçün nəzərdə tutlmuş şinlərlə təchiz edilir.