Porsche şirkəti 4.0-litrlik atmosfer mühərriki və PDK “robotu” ilə təchiz edilmiş 718 sportkarları üçün sifarişlərin qəbuluna başlayıb. Bu gündən etibarən 3.200-3.700 dollar əlavə ödəniş qarşılığında "trek" modelləri sayılan 718 Cayman GT4, 718 Boxster Spyder, 718 Cayman GTS 4.0 və 718 Boxster GTS 4.0 sportkarlarını preselektiv transmissiya ilə təchiz etmək mümkündür.
Porsche 718 ailəsindən olan "trek" sportkarlarının yeni modifikasiyaları 2021-ci model ilinin avtomobilləri sayılırlar. Bu günə qədər yalnız Porsche şirkətinin Şimali Amerika filialı 718 Cayman GT4, 718 Spyder və 718 GTS 4.0 modellərini iki muftalı 7-pilləli PDK robotu ilə sifariş etmək imkanının olduğu bildirib. Çox güman ki, tezliklə belə modifikasiyalar Avropada da təklif ediləcəkdirlər.
Maraqlıdır ki, Porsche şirkəti 4.0-litrlik atmosfer mühərriki və PDK “robotu” ilə təchiz edilmiş 718 modellərinin dinamikasının nə dərəcədə dəyişdiyini açıqlamayıb. Çox güman ki, 718 Cayman GT4 və 718 Boxster Spyder modellərinin 100 km/saat həddinə sürətlənməsi 0,2-0,3 saniyə arasında yaxşılaşmalıdır - yəni, modellər bu işə 4,1-4,2 saniyə sərf edəcəklər. GTS 4.0 modifikasiyaları isə əksinə, 0,1 saniyə daha yavaş olacaqlar.
4.0-litrlik mühərrik və PDK “robotu” ilə təchiz edilmiş versiyalarının ABŞ-dakı qiymət siyahısı artıq açıqlanıb: GTS 4.0 versiyalarını “robot” ilə təchiz etmək üçün əlavə 3.730 dollar, 718 Cayman GT4 və 718 Boxster Spyder üçün isə 3.210 dollar ödəmək gərək olacaqdır.
"Robot" ilə təchiz edilmiş ekstremal Porsche 718 modellərinin Şimali Amerikadakı satışlarına 2021-ci ilin birinci rübündə başlanacaqdır. “İkipedallı” modellərin Avropadakı satışları bu ilin sonuna qədər başlanmalıdır.