Bir müddət bundan öncə Koenigsegg şirkətinin əlçatan superkar buraxacağı barədə xəbər vermişdik. Bu gün insayderlər yeni superkarın mühərriki barədə məlumatı açıqlayıblar. Superkar 1065 at qüvvəsi hasil edən hibrid güc qurğusuna malik olacaqdır.

Bu barədə avtomobilin seriyaöncəsi variantını gördüyünü iddia edən AutoPap adlı Twitter istifadəçisi bildirib. Alüminium və karbondan hazırlanmış kuzova, həmçinin karbon disklərə malik olan avtomobil 2,9-litrlik FreeValve V8 mühərriki ilə təchiz ediləcəkdir. Xatırladaq ki, bu mühərrikdə ənənəvi paylaşdırıcı val yoxdur – onu elektronika ilə idarələnən klapan aktuatorları əvəz edirlər.

Yeni superhibrid valsız FreeValve mühərriki ilə yanaşı, bir və ya iki elektromotor, yığcam və yüngül batareyalar, həmçinin Koenigsegg Direct Drive (KDD) transmissiyası ilə təchiz ediləcəkdir. Bu transmissiya ənənəvi qutudan imtina etməyə imkan verir. KDD qutusu mühərrikin fırlanma anını arxa oxa dəyişən sürüşmə dərəcəsi olan hidravlik mufta və 2,73:1 ötürmə əmsalı olan baş ötürmə vasitəsi ilə ötürür.