Yağlama materiallarının istehsalçısı kimi tanınan Castrol şirkəti araşdırma apararaq elektromobillərin populyarlaşmamasının səbəblərini müəyyən edib. Təxminən 10 min respondent ilə sorğu aparmış şirkət, daxili yanma mühərriklərindən elektrik ötürməsinə sürətli keçid üçün gərək olan beş kritik amilin siyahısını hazırlayıb.
Accelerating The EVolution adlı hesabatda dərc edilmiş nəticələr 9000 avtomobil sahibi, 750 nəqliyyat şirkəti meneceri və avtomobil sənayesinin 30 nümayəndəsi (əsasən batareyaların istehsalı ilə məşğul olan komponent təchizatçıları və şirkətlərinin əməkdaşları) arasında aparılmış anket sorğusuna əsaslanır. Onların fikrincə, elektrokarların kütləviləşməsinin qarşısını alan əsas kritik məqam onların qiymətdir. Potensial alıcıların üçdə ikisi (63%), hazırda elektrokarların qiymətinin çox yüksək olduğunu hesab edir və 36 min dollar qiyməti ideal sayırlar.
İkinci vacib məqam batareyanın doldurulması vaxtıdır. Castrol şirkətinin sorğusunda iştirak edənlər 31 dəqiqə gözləməyə hazırdırlar - bu nahara sərf edilən ortalama vaxtdır. Bu vaxt, daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobillərin sürücülərinin uzun səyahətlər zamanı istirahətə sərf etdiklərindən çoxdur: adətən, belə fasilələr təxminən 21 dəqiqə davam edir. Yürüş ehtiyatına gəldikdə isə, respondentlər 469 kilometrlik məsafəni ideal hesab edirlər. Belə nəticə ilə yalnız Tesla, Volkswagen, Rivian və Lucid elektromobilləri öyünə bilərlər.
Elektromobillərin populyarlığının artmasına əngəl törədən amillərdən biri də enerji doldurma stansiyaları şəbəkəsinin inkişaf etməməsidir. Eyni zamanda, respondentlərin 70 faizi terminalın evlərində və ya yaxın yerdə olmasını istərdi; 67 faiz iş yerində belə nöqtənin olmasını arzulayır, respondentlərin 62 faizi isə elektrik enerjisini yalnız bərpa olunan mənbələrdən almaq istəyir. Nəhayət, alıcıların yarıdan çoxu, sevimli modellərinin elektrik versiyası təklif edilərsə, elektromobilə keçməyə hazır olduqlarını bildiriblər.
Bu ərəfədə Polestar şirkəti maraqlı hesabatı açıqlayıb. Ənənəvi daxili yanma mühərriki olan bir krossoverin istehsal mərhələsində (şirkət Volvo XC40 modelini nümunə götürüb) atmosferə 14 ton CO₂ ekvivalentinin atıldığını müəyyən edib. Polestar 2 və onun batareyasının istehsalı üzrə göstərici isə 24 tondur. Elektromobilin və daxili yanma mühərriki olan bir avtomobilin istixana qazınını tullantılarının ümumi göstəricilərinin bərabərləşməsi üçün, elektrokarın ən azı 50 min kilometr məsafə qət etməsi gərəkdir.