Britaniyalı alimlərin apardıqları araşdırmalar nəticəsində hətta ən köhnə elektromobillərin belə öz batareyalarının tutumunun 85%-ni saxladığı aşkar edilib . Böyük Britaniyada işlənmiş elektromobillərin batareyalarının vəziyyətini müəyyən etmək üçün aparılan ən böyük tədqiqat, bütün yaşlarda olan nəqliyyat vasitələri arasında batareyaların orta sazlıq səviyyəsinin 95% olduğunu aşkarlayıb. Bu barədə “AutoExpress” nəşri məlumat verir.

Mütəxəssislər 12 ilə qədər yaşı olan 8000 elektrik avtomobilini araşdırıblar. Onlar müəyyən ediblər ki, yaşından asılı olmayaraq batareyanın orta sazlıq səviyyəsi (SoH) 95% olub ki, bu da adətən istehsalçıların verdikləri zəmanətlərdə batareyanın dəyişdirilməsi üçün hədd kimi göstərdikləri 70%-dən xeyli yüksəkdir. Hətta ən köhnə elektrik avtomobillərində (8 ilə 12 yaş arasında) batareyanın orta sazlıq səviyyəsi 85% çatır. Onlardan 25%-i təxminən 82%-lik nəticə göstəriblər, ən yaxşı baxımlı nəqliyyat vasitələri isə, orijinal tutumun 90%-ə qədərini saxlayıblar.

Tədqiqatın əsas nəticələrindən biri hər zaman yürüş məsafəsinin batareyanın sazlığına təsir göstərmədiyi olub. Şirkətdən 160.000 kilometrdən çox yürüş edən elektromobillərin adətən batareyanın tutumunun 88-95%-ni saxladığını bildiriblər ki, bu da yaş və yürüş əsasında ənənəvi qiymətləndirmə metodlarını şübhə altına alır. Həmçinin qeyd olunub ki, daha çox yürüş etmiş yeni elektromobil daha az yürüşü olan köhnə modelə nisbətən batareyanın tutumunu daha yaxşı saxlaya bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.