Kolleksiya avtomobillərinin satışı ilə məşğul olan Mecum hərrac evi Elvis Presliyə məxsus olmuş limuzini hərraca çıxaracaqdır. 1967-ci ilin istehsalı olan Lincoln Continental modelinin satışında ən azı 300 min dollar əldə etmək planlaşdırılır. Hərrac bu gün keçiriləcəkdir.
Mecum hərrac evi limuzinin 1967-ci ildə Elvisə onun meneceri Tom Parker tərəfindən toy hədiyyəsi olaraq təqdim edildiyini bildirib. O zamankı Lincoln avtomobillərindən fərqli olaraq, Preslinin avtomobili kondisioner, sükanın hidrogücləndiricisi, elektrik şüşəqaldıranlar, elektriklə tənzimlənən ön oturacaqlar və avtomatik atenna ilə təchiz edilmişdi.
Elvisin ölümündən bir neçə il keçdikdən sonra, 1980-cı ildə, istifadəsiz qalmış limuzin Ceyms Petrozzini adlı iş adamı tərəfindən satın alınıb. Lakin, biznesmen avtomobilə xidmət göstərməyib və bir müddət sonra isə, onu ümumiyyətlə qarajda saxlayıb. Əfsanə müğənninin avtomobili qarajda 30 ildən çox qaldıqdan sonra, Petrozzinin varisləri rariteti satmaq qərarına gəliblər.
Avtomobilin pis vəziyyətdə olmasına baxmayaraq, hərrac evinin əlində pul gətirəcək dəlillər var. Bunlar, Preslinin imzası olan avtomobilin qeydiyyat şəhadətnaməsi və Tennessi ştatına təhkim edilmiş 1-ELVIS nömrə nişanlarıdır. Bu əşyalar avtomobilin qiymətini artıra bilər.
Mənbə: atlasobscura.com